Pəhriz Saxlayanlar Üçün Yüksək Proteinli Çörək

Pəhriz Saxlayanlar ucun Yuksek Proteinli corek
Yields: 1 Serving
Yüksək proteinli bu çörək pəhriz saxlayanlar və sağlam qidalanmağa üstünlük verənlər üçün əla seçimdir. O, daha uzun müddət toxluq hissi yaradır, qan şəkərinin tarazlanmasına kömək edir və əzələ toxumasının qorunmasını dəstəkləyir. Hazır satılan marka çörəkləri almaq əvəzinə, bu pəhriz çörəyini ev şəraitində hazırlayaraq gündəlik rasionunuza əlavə edə bilərsiniz. Evdar.az pəhriz saxlayanlar üçün yüksək proteinli çörəyin reseptini təqdim edir.

Pəhriz Saxlayanlar Üçün Çörək

Yüksək Proteinli Çörəyin tərkibi:

  • 2-3 ədəd yumurta
  • 110 qr yulaf əzməsi
  • 180 qr kəsmik
  • 7 qr qabartma tozu
  • 1 xörək qaşığı psillium
  • zövqə görə duz

Yüksək Proteinli Çörəyin hazırlanma qaydası:

İlk olaraq yulafı blenderlə xırdalayın. Dərin bir qabda xırdalanmış yulafın üzərinə kəsmik töküb çəngəllə əzərək qarışdırın. Üzərinə 2-3 ədəd yumurta, qabartma tozu, duz və 1 xörək qaşığı psillium əlavə edib yaxşıca qarışdırın. Əlinizi isladaraq kütlədən kiçik kündələr götürüb yuvarlayın. Zövqə görə kündələri günəbaxan tumu, küncüt toxumu, balqabaq toxumu və ya kətan toxumuna batıraraq yağlı kağız sərilmiş soba sinisinə düzün. Protein çörəklərini əvvəlcədən 200 dərəcə qızdırılmış sobada 30-35 dəqiqə bişirin.
Əlavə qeyd:
Psillium – bağayarpağı bitkisinin toxumlarının qabığından əldə edilən təbii və zəngin lif mənbəyidir. Çörək və şirniyyat reseptlərində xəmirin elastikliyini artırmaq və yapışqanlıq vermək üçün əla qlüten əvəzedicisidir. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir