Sobada Tənbəl Pelmeni

Yields: 1 Serving

Zərif xəmiriylə, qiyməylə və tərəvəzlərlə hazırlanan sobada tənbəl pelmeni. Evdar.az bu dadlı yeməyin reseptini təqdim edir.

Tərkibi:

Xəmiri üçün:

  • 480 qr un
  • 250 qr qaynar su
  • 3 xörək qaşığı bitki yağı
  • 1 çay qaşığı duz

İçliyi üçün:

  • 700 qr qiymə (mal əti, qoyun və ya toyuq əti)
  • 2-3 ədəd kiçik və ya 1 ədəd böyük soğan

Üzəri üçün:

  • 2-3 ədəd yerkökü
  • 1 ədəd şirin bolqar bibəri
  • 2-3 ədəd pomidor
  • 3-4 xörək qaşığı bitki yağı (qızartmaq üçün)
  • 500 ml su
  • duz, istiot zövqə görə

Hazırlanma qaydası:

Xəmiri hazırlamaq üçün bir qabda unun üzərinə duz səpib qarışdırın. Daha sonra bitki yağı və qaynar su töküb yaxşıca qarışdırın. Dəzgahın üzərinə un səpin və xəmiri dəzgahda yoğurmağa davam edin. Elastik və ələ yapışmayan xəmir əldə etdikdən sonra otaq temperaturunda saxlayın.
Üzəri üçün soğanı xırda doğrayın. Bibəri də eyni qaydayla kiçik kub formasında doğrayın, yerkökünü də rəndələyin. Tavaya 3-4 xörək qaşığı bitki yağı töküb soğanı, bibəri və yerkökünü qarışdırıb qovurun. Üzərinə qabığı soyulmuş, kub formasında doğranmış pomidoru, duz, istiotu və suyu əlavə edib zəif ocaqda bişirin.
İçliyi hazırlamaq üçün bir qabda qiymənin üzərinə duz, istiot, xırda doğranmış şüyüd və azca su əlavə edib əllə yaxşıca qarışdırın.
Xəmiri iki hissəyə ayırın. Bir hissəsini azca unlanmış dəzgahın üzərinə yayın. Yaydığınız yuxanın üzərinə qiymənin bir hissəsini yayıb rulet formasında bükün. Bükdüyünüz rulet formalı xəmiri 2-3 barmaq qalınlığında dilimləyin. Bu qaydayla qalan xəmiri də yayıb bükün və diliməyin. Kəsilmiş dilimləri dairəvi soba sisininə yan-yana düzün. Üzərinə tavada bişirdiyiniz tərəvəzləri də yayıb əvvələcədən 160-170 dərəcə qızdırılmış sobada 40 dəqiqə bişirin. Arabir sobanın qapağını açıb bir az su əlavə edə bilərsiniz. Hazır yeməyi isti halda süfrəyə verə bilərsiniz.

Qeyd: Bu dadlı yeməyi tavada ocaqda da bişirə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.