Toyuq Qiyməsiylə Doldurulmuş Pendirli Rulet

1-ci gwnw
Yields: 1 Serving

Hamının bəyənəcəyi ən zərif qəlyanaltı hazırlamaq istəyirsiniz? O zaman bu yemək sizin üçündür! Evdar.az toyuq əti və qiyməylə doldurulmuş pendir ruletinin reseptini təqdim edir.

Tərkibi:

  • 500 qr pendiri (Qauda, Peşexon və s.)
  • 800 qr toyuq budunun filesi
  • 450 qr toyuq qiyməsi
  • 4 ədəd yumurta
  • 4 xörək qaşığı mayonez
  • 2 diş sarımsaq
  • 1/ 2 çay qaşığı toyuq üçün ədviyyat
  • duz, istiot zövqə görə

Hazırlanma qaydası:

Bir qabda yumurtayla mayonezi tel çırpıcıyla çırpın. Üzərinə sürtgəcdən keçirilmiş pendir əlavə edib qarışdırın. 38×27 sm ölçülü soba sinisinə folqa kağızı sərin və bitki yağıyla yüngül yağlayın. Hazırladığınız yumurtalı pendirli kütləni siniyə yayıb hamarlaşdırın. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 15 dəqiqə bişirib yüngül soyudun.
Toyuq budun filesini nazik hissələrə ayırın və duz, istiot səpin. Bir qabda toyuq qiyməsinin üzərinə rəndələnmiş sarımsaq, duz, istiot və toyuq üçün ədviyyat səpib qarışdırın. Bişən pendirli kütləni yağlı kağızın üzərinə ehtiyyatla çevirib folqanı spatulayla və ya taxta qaşıqla səliqəli çıxarın. Pendirli kütlənin üzərinə nazik doğranmış toyuq filesini düzün. Üzərindən nazik qat toyuq qiyməsi qarışığını da yayın. Yağlı kağızın köməyiylə rulet formasında bükün və kağızın uc hissələrini bərkidin. Hazır ruleti 2 qat folqa kağızına bükün soba sinisinə yerləşdirin. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 1,5 saatlıq bişirin. Bişən ruleti folqa kağızını çıxarmadan kənarda soyudun. Daha sonra 1 saatlıq soyuducuya yerləşdirin. Soyuducudan çıxartdıqdan sonra folqa kağızı və yağlı kağızı çıxarıb ruleti dilimləyin.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.