Faydalı Maraqlı Xəbərlər

Tanınmış Yapon Səyyah Marişa Azərbaycan Dolmasından Yazdı

Yaponiyanın “wpb.shueisha.co.jp” saytı tanınmış Səyyah Marişanın Bakının memarlıq gözəlliklərindən və Azərbaycan mətbəxindən bəhs edən təəssüratları barədə böyük məqalə yayıb.

Evdar.az xəbər verir ki, Yaponiyada Səyyah Marışa adı ilə tanın bekpeker Mariko Hirakava həmin məqaləni bu yaxınlarda Azərbaycana baş tutan səyahətindən sonra qələmə alıb. “Dünyanı heyran edən memarlıq və yapon mətbəxini xatırladan Azərbaycan dolması” adlı məqalədə müəllif Bakıya səfəri zamanı ilk addımdan heyranlığını saxlaya bilmədiyini vurğulayır. Qeyd edir ki, Heydər Əliyev adına Beynəlxalq Aeroport onu özünün müasir, kosmik məkanı xatırladan memarlığı ilə çaşdırıb. Bakının bir çox səyyah tərəfindən “İkinci Dubay” adlandırılmasının heç də təsadüfi olmadığını öz gözləri ilə görüb. Vurğulayır ki, Azərbaycan rəhbərliyi neft və qazdan gələn mənfəət hesabına paytaxtın mükəmməl inkişafını təmin edib.

Heydər Əliyev Mərkəzi haqqında yazan Səyyah Marişa vurğulayır ki, məşhur memar Zaha Hadidin əsəri olan bu bina özünün elmi-fantastik görünüşü ilə onu heyran edib. Bu şəhərə səfər barədə qəbul etdiyi qərardan məmnun qaldığını bildirib. Vurğulayıb ki, turistlər üçün yüksək səviyyəli xidmətin təşkil etdiyi mehmanxanalar da dünyanın heç bir ölkəsindən geri qalmır.

Azərbaycan mətbəxi ilə tanışlığı barədə yazan müəllif sifariş verdiyi ilk yeməyin “Dolma” adı ilə onun diqqətini cəlb etdiyini bildirir. Bu adın ona Özbəkistandan tanış olduğunu, lakin Azərbaycanda onun tamamilə fərqləndiyini qeyd edir. Burada “Üç bacı” adı ilə tanınan dolma növünün öz dadı ilə onu valeh etdiyini vurğulayır. Yeməyin hazırlanması zamanı istifadə edilən inqredientlər barədə yapon oxuculara ətraflı məlumat verir. Qeyd edir ki, Azərbaycanda dolmanın müxtəlif tərəvəzlərdən, ət və yaponların sevimli yeməyi olan düyüdən hazırlanan bir çox növləri məlumdur. Restoranın mətbəxində dolamanın hazırlanmasını videoya çəkən Səyyah Marişa bunu həm məqaləyə, həm də özünün sosial şəbəkələrdəki səhifələrinə yerləşdirdiyini bildirir. Qeyd edir ki, Azərbaycanın zəngin mətbəxi, xüsusən “dolma” yeməyi məşhur səyyahlar tərəfindən də yüksək qiymətləndirilib.

Əlavə olaraq bildirək ki, Səyyah Marişa son 12 ildə dünyanın 125 ölkəsinə səfər edib, Yer kürəsini 5 dəfə dolanıb. Onun sosial şəbəkələrdəki səhifələnin yüz minlərlə izləyicisi var.

Məqaləyə Bakının memarlıq gözəlliklərini və Azərbaycan mətbəxini əks etdirən çoxsaylı fotolar da əlavə edilib.

AZƏRTAC

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir