Dadı Damağınızdan Getməyəcək Tünbəki Dolması

Yields: 1 Serving

Qədim və zəngin Azərbaycan mətbəxinin adından və dadından xəbərsiz olduğumuz bölgələrinə xas yeməkləri vardır. Bunlardan biri də Tünbəki dolmasıdır. Evdar.az dadı damağınızdan getməyəcək tünbəki dolmasının reseptini təqdim edir.

Tərkibi:

  • 500 qram mal əti

İçlik üçün:

  • yarim stəkan yumru duyu
  • 150 qr şabalıd
  • 2 ədəd soğan
  • 1 dəstə şüyüd
  • 1 xörək qaşığı nanə qurusu
  • duz, istiot, sarıkök
  • 150 qr əridilmiş kərə yağı

Üzəri üçün:

  • heyva

Hazırlanma qaydası:

İçliyi hazırlamaq üçün ilk öncə bişmiş şabalıdı xırda doğrayın. Şabalıdın bişirilmə qaydasıyla bu məqaləmizdən tanış ola bilərsiniz. Bir qabda xırda doğranmış şabalıd, yuyulub süzülmüz yumru düyü, xırda doğranmış soğan, nanə qurusu , xırda doğranmış şüyüd, duz, istiot və əridilmiş kərə yağını töküb qarışdırın. Mal ətinin sümüksüz hissəsini nazik, uzun laylar şəkildə doğrayın və yuyub süzün. Langetləri taxtanın üstünə qoyub üzərinə streç salafan keçirib ət döyənlə döyəcləyin. Bu qaydayla bütün ətləri nazik şəkildə olanadək döyəcləyin. Döyülmüş langetlərə içlikdən qoyub rulet şəklində bükün. Bütün ətləri bu qaydayla içliklə doldurub bükün. Saxsı qaba və ya yastı qazana duru yağ töküb bükdüyünüz tünbəkiləri yan-yana düzün. Dolma kimi üst-üstə düzməməyə diqqət edin, çünki alt hissədəki tünbəkilər bişib üstdəkilər bişməyə bilər. Bunun üçün qazanın yastı olanını seçməlisiniz. Qazana düzdüyünüz tünbəkilərin üzərinə nazik doğranmış heyva dilimlərini düzün. Üzərinə boşqab yerləşdirib, ətlərin üstünə çıxana qədər qaynar su töküb qazanın və ya saxsı qabın qapağını örtün. Yeməyi vam odda qazanın qapağını açmadan 1,5 saat bişirin. Bişən yeməyi isti halda süfrəyə verin. Zövqə görə süfrəyə verdikdə üzərinə nar dənəsi və xırda doğranmış göyərti səpə bilərsiniz.

Nuş Olsun!

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir