Ləvəngini xəmir ilə birləşdirib çox ləziz peraşki (pirojki) hazırlaya bilərsiniz. Evdar.az ləvəngili pirojkinin reseptini təqdim edir.
Döymə Xəmirli Ləvəngili Pirojkinin tərkibi:
Xəmiri üçün:
- 3/4 stəkan un
- 180 qr kərə yağı
- 180 qr xama
- 1/2 çay qaşığı soda
- 1 çay qaşığı sirkə
- 1 ədəd yumurta
- çimdik duz
İçlik üçün:
- 150 qr qoz ləpəsi
- 1 ədəd soğan
- 3 xörək qaşığı nar şərabı
- 1 xörək qaşığı alça turşusu
- zövqə görə duz, istiot
Üzəri üçün:
- yumurta sarısı
Döymə Xəmirli Ləvəngili Pirojkinin hazırlanma qaydası:
Xəmiri hazırlamaq üçün soyuducudan çıxartdığınız soyuq kərə yağını unla umac halına gətirin. Üzərinə yumurta, xama, sirkədə söndürülmüş soda və çimdik duz əlavə edib xəmir yoğurun. Xəmiri streç salafana büküb 1 saatlıq soyuducuya yerləşdirin.
İçliyi hazırlamaq üçün qoz ləpəsini qozçəkəndən keçirin. Soğanı da blenderlə xırda doğrayın. Dərin bir qaba suyu sıxılmış soğanı, xırdalanmış qoz ləpəsi, alça turşusu, nar şərab, zövqə görə duz və istiot əlavə edib yaxşıca qarışdırın.
Xəmiri kiçik toplar formasında kündələyin. Hər kündəni yayıb içərisinə hazır ləvəngidən yerləşdirib kənarlarını şəkərbura kimi bükün. Bu qaydayla xəmir bitənə qədər hazırlayın. Pirojkiləri yağlı kağız sərilmiş soba sinisinə aralıqlarla yerləşdirib üzərində iynəylə dəliklər açın və yumurta sarısı yaxıb çörəkotu səpin. Əvvəlcədən 190 dərəcə qızdırılmış sobada 20-25 dəqiqə bişirin.
Nuş Olsun!