Şaurma çox dadlı, lakin yüksək kalorili qəlyanaltıdır. PP (“правильное питание”- sağlam qidalanma) Şaurma isə sağlamlıqlarına zərər vermədən dadlı və müxtəlif yeməklər yeməyi sevənlər üçün əla seçimdir. Bir çox insanlar, xüsusən də qızlar sağlam qidalanmaya keçir və əvvəllər sevdiyi yeməklərdən imtina edirlər. Artıq müasir ritmdə həyatımızın ayrılmaz hissəsinə çevrilən fast fooddan birdəfəlik imtina etməməlisiniz. Bunun əvəzinə aşağı kalorili, zülal və vitaminlərlə zəngin olan faydalı məhsullarla hazırlayıb yeyin. PP şaurma fitneslə məşğul olanlar və sağlamlığına nəzarət edənlər üçün əla seçimdir. Evdar.az sağlam qidalananlar üçün PP şaurmanın reseptini təqdim edir.
Sağlam Qidalananlar Üçün PP Şaurmanın tərkibi:
- bir ovuc ispanaq
- 1-2 ədəd yumurta
- 4 xörək qaşığı yulaf lopası
- 1 xörək qaşığı kətan toxumu
- 150 qr toyuq filesi
- duz, istiot, pul bibər, sarımsaq tozu
- ispanaq və ya rukola
- pomidor
- pendir
Sousu üçün:
- 2 xörək qaşığı 2 %-lik yunan qatığı
- 1 diş sarımsaq
Sağlam Qidalananlar Üçün PP Şaurmanın hazırlanma qaydası:
İlk öncə yuyulmuş ispanağın suyunu yaxşıca qurudun. Blenderin qabına bir ovuc ispanaq yarpaqlarını, kətan toxumu, yulfa lopası və yumurta əlavə edib yaxşıca əzin. Hazırladığınız kütləni yapışmayan tavada yağsız iki tərəfli bişirin. Başqa bir qabda kiçik kub formasında doğranmış toyuq filesinin üzərinə duz, istiot, pul bibər və sarımsaq tozu əlavə edib qarışdırın. Ədviyyatla marinə olunmuş toyuq ətini də tavada çevirərək bişirin. Kiçik bir kasada qatıq və sarımsaqəzəndən keçirilmiş və ya xırda doğranmış sarımsaq əlavə edib qarışdırın. Pendiri sürtgəcdən keçirin. Pomidorları nazik dilimləyin. İspanaqlı yuxanın arasına ilk öncə sarımsaqlı qatıq yaxıb üzərinə bişmiş toyuq filesini düzün. Üzərinə sürtgəcdən keçirilmiş pendir səpib rukola və ya ispanaq yarpağı düzün. Yenidən qatıq əlavə edib pomidor dilimlərini düzün. Şaurmanı büküb yeyə bilərsiniz.
Nuş Olsun!