Məktəbli Telefonu Eline Almasın Deye Biz Ne Edirik1
Faydalı Faydalı Məsləhətlər

Məktəbli Telefonu Əlinə Almasın Deyə Biz Nə Edirik?

Məktəbli telefonu əlinə almasın deyə biz nə edirik? sualının cavabı “biz onları özümüzdən uzaqlaşdırmaq üçün hər şey edirik”.

Qeyd edək ki, Azərbaycanda da məktəbəhazırlıq qruplarında və ümumi təhsil müəssisələrində mobil telefon və digər elektron cihazlardan istifadəyə dair qaydalar təsdiqlənib. Bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev müvafiq qərar imzalayıb. Psixologiya üzrə fəlsəfə doktoru, təhsil tədqiqatçısı Bahar Bəylərova bu mövzu ilə bağlı Evdar.az-a verdiyi açıqlamanı təqdim edirik:

“Qadağan edirəm” ifadəsinin ən dərin mənası, qarşılıq ifadəsi bilirsiniz nədir? “Mən səni sevmirəm”

“Mən səni sevmirəm” ifadəsinin ən dərin qarşılığı nədir bəs? “Mənim sevməyə ağlım yetmir və ya mənim həll yolu üçün əmək verməyə sevgim yetmir”. Ağıl ifadəsinin etimalogiyasını araşdırdığımızda görürük ki, məsələ bilik deyil. Qısaca desək IQ və EQ birləşiminin kompleks istifadəsidir. Bu özü ayrıca çox dərin mövzudur. Qayıdaq qadağaya. Uşaq beynində qadağa məfumunun açılışı “mən səni anlamıram, sevmirəm” deməkdir. O səbəblədir ki, qadağa uşaqlarda daha da hirs və qadağa olunmuş şeyə maraq yaradır. Böyüklər bunu (bir zamanlar uşaq olduqlarını unudanlar) inad, tərbiyəsizlik kimi qəbul edir, amma bu uşağın “sən məni niyə sevmirsən, niyə anlamırsan?!” hayqırışıdır, üsyanıdır. Sevmək müəyyən kapa site tələb edən bir əmək prosesidir. Həqiqətən də “Al yazmalım” türk filmindəki “Sevgi nə idi? sualına “Sevgi əməkdir” cavabı çox doğrudur. Anlamaq üçün əmək vermək, yəni öyrənmək, yardım etməyin yolunu araşdırmaq, inkişaf etmək və s. gərəklidir. Ən önəmlisi cavabı axtarmaq əzmidir, çünki axtarılan sualın cavabını bir qarışqanın yerişində də tapa bilərsiniz. Axtarmadığınız sualın cavabı isə gözününün önündə olsa da görməzsiniz (uşaqlara verilən onların özlərindən soruşularaq verilsə daha müvəffəq olarıq, amma biz öz şagirdimizə verəcəyimizi xarici ölkədən, övladımıza verməli olduğumuzu isə ondan-bundan öyrənirik). Uşaq üçün zülm çəkmək deyil, əmək vermək lazımdır. Zülm çəkmək eqoist insanların (sonra qarşılığını iki qat almaq üçün edilir), əmək vermək ağıllı insanların (qarşılıqlı sağlam sevgini, inkişafı, dəstəyi hədəfləyir) işidir.  

Tədris əvəzinə “qadağa”…

İndi bizim şagirdlərə verdiyimiz mesaja gələk: “biz sənə əlindəkindən daha maraqlı, səni düşündüyümüz təhsili verə bilmirik, gücsüzük, ona görə də əlindəki oyuncağı alırıq ki, sən bizi dinləyəsən”; “Sənin marağını prosesə cəmləməyə əmək verəcək qədər səni sevmirik ”. Texnoloji vasitələrdən istifadənin etik qaydaları, sərhədləri dərs olaraq salınması, tədrisi əvəzinə “qadağa” kimi ilkəl çözüm heç peşəkar yanaşma deyil.

Mənim dərs dediyim universitetdə tələbələrin telefonlarını yığın deyirlər, amma mən yığmıram. Bilirsiniz niyə? Çünki mən bunu təhqir hesab edirəm. Mən telefon qarşısında aciz müəlliməm? Ya auditoriyada hər kəlməmin və ya davranışımın arxasında durmayan müəlliməm ki, qorxum birdən nəsə deyərəm, məni çəkib paylaşarlar. Bu gün auditoriyada əyləşən namizəd müəllim özünü dərsdə idarə edə bilmirsə, harda telefon ilə necə davranmaq lazım olduğunu bilmirsə, siz onu test nəticəsi ilə şagird önünə mi buraxacaqsınız? Məsələlərin tam kökünə enilmir, qərarlarda gerçək mütəxəssis olan psixoloqlarla görüşlər keçirilmir. Əgər bir məktəb psixoloqu (universitetlərin TSP ixtisaslarının proqramlarını araşdıranda nəticəyə təəccüblənmir insan), müəllimi təlimdə sual verirsə ki,“biz nə edək ki, uşaqlar tənəffüsdə qaçmasınlar” orda ciddi problem var.

Əgər universitet müəllim yetişdirəndə məktəbdə təcrübə saatı minimuma endirilirsə və sadəcə “2 əsas fənn”dən təcrübə dərsi keçirsə; əgər müəllim yetişdirilmə prosesi 4 il universitet binasında keçirilirsə, namizəd müəllim şagird görmədən müəllimliyə hazırlanırsa və ən acınacaqlısı 4cü kursada MİQ imtahanı üçün kursa gedib imtahana hazırlanırsa; əgər ümumtəhsil məktəblərinin müəllimləri əzbər nəzəri biliklə sertifikasiya edilirsə, sonra da mənşəyi bilinməyən suallar ilə müsahibə olunursa (beynəlxalq təcrübədə fərqlidir proses, şagird və valideyn rəyləri daxil edilir qiymətləndirməyə və s.),  problemin kökünə enmiriksə, telefondan daha maraqlı olan müəllim yetişdirmiriksə və nəticə ilə məşğuluqsa (telefonu məktəbə gətirmək qadağandır); ruha xitab edən iki istiqamət – musiqi dərsləri (musiqi ruhun qidasıdır) və psixologiya (psixologiya ruh haqqında elmdir) –  üçün məktəb binasında ayrılacaq otaq yoxdursa; “gələcəyin peşələri dəyişir, şagirdlərə rəqəmsal bacarıqlar öyrədilməlidir” deyilirsə – texnologiyanın sürətlə inkişaf etdiyi, süni intellektin insanla yarışmağa çalışdığı dövrdə idrak edilmirsə ki, daha çox fərqindəlikli tədrisə, öz fərqindəliyə, oyuna, xəyal qurmağa (xəyalpərəstlik deyil), söz bazasının zənginləşdirilməsinə (promd mühəndisliyi bir başa doğru sual vermək və tapşırığı aydın yazacaq qədər söz bazası gərəkdirən sahədir) gərək var (əks qərar daha çox işsiz yetişdirəcək, çünki, bizim öyrətdiyimizi uşaq özü öyrənə bilir); oxuyub anlama, dinləyib anlama nəticələrin kökünün tərbiyədəki itaət və qadağa ilə baltalandığının fərqinə varılmırsa; oxuyub anlama, dinləyib anlama ilə yadda saxlama məsələlərinin qarışdığı tapşırıqlar ilə monitorinqlər keçirilirsə; atanı – ananı 9:00-18:00 rejimində çalışmaq durumunda buraxıb, hətta 3 işdə çalışsan belə yenə yetmədiyin bir güzaran varsa, ataların yetməyib gecə də taksi sürdüyü bir vəziyyət varsa, övladı ilə əlaqəni də əlindən almaq (məktəbdən evə necə və ya hazırlığa necə getdin, necə çatdın) kimi bir işə qalxışılırsa… şagirdin niyə “telefon, sosial şəbəkə ehtiyacı” yaranır məsələsinə özümüzün yaratdığımız səbəblərlə məşğul deyiliksə keçici həll yolları yaranacaq nəticəni sadəcə ləngidəcək. Şagirdlərə tətil və ya istirahət veriləndə valideynlər işdə olur və uşaqlar çox vaxt nəzarətsiz qalırlar. Hər kəsin evində uşaqla maraqlanacaq nənə-baba yoxdur (nənə və babalar daha çox telefon alüdəçisidir, nəvələr bundan şikayətçidir bu da gerçəkdir). Yəni sistemli şəkildə valideynlərlə uşaqları bir araya gətirməliyik. Bütün iş yerləri məktəblərlə paralel çalışan qurumlara çevrilməlidir ki, ehtiyac yarandıqda təhsil müəssisəsi valideynin iş yeri ilə rahat əlaqə saxlaya bilsin. Uşaq xəstələnəndə ana “balam niyə xəstələnib” narahatçılığı yerinə “işdə bunu mənə problem edəcəklər” fikrinə düşürsə sistem dayanıb kompleks olaraq ailələrə nə etdiyini düşünməlidir (məsuliyyətin ana üzərində olması da ayrıca problemli vəziyyətdir. Qadın anadırsa “problemli işçi”, kişi atadırsa “güvənilir işçi” modeli yaradır şüursuzluğumuzda). Problemi yaradıb sonra “niyə bu problem var?” deyə problemi müəyyən etmiş və həll yollarını tapmasını bir nemət kimi təqdim edilməməlidir. Məktəblilərin sağlam istirahəti və fəaliyyəti təmin olunmur, ölkədə istirahət başqa ölkədə istirahətdən bahadır və bütün bu düzənsizliyin altını təhsil sistemi çəkir. Bütün dövlət qurumları təhsil sistemini düşünərək iş qurmalıdır. Çünki, ona qayıdacaq olan işçi hazırda məktəbdə yetişir. Gələcəyin işçiləri uşaqlıq və yeniyetməlik çağlarında yaşadıqları ana-ata əksilkliyini, maddi əksikliyi və s.ləri işçi olduqlarında o müəssələrə qaytaracaqlar (şüursuz olaraq). Boşuna deyil, “uşağı bir ev yox, kənd tərbiyə edər” ifadəsi. Bu ifadə uşağın tərbiyəsinə hamı müdaxilə edə bilər deyil, tərbiyəni hər kəs nəzərə almalıdır deməkdir.

Bəli biz həqiqətən də şagirdi sevmirik və anlamırıq.

Sevgi kəlməsi romantik səslənə bilər amma çox ciddi elmlərin sintezindən yaranan məvhumdur və ali səviyyədə ağıl gərəkdirir.

Müəllif: Bahar BəylərovaPsixologiya üzrə fəlsəfə doktoru, Təhsil tədqiqatçısı,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir