Bir Stəkan Çayın Gizli Gücü – Psixoloq Bahar Bəylərova yazır…

Xoşbəxtlik nədir? sualını çay süfrəsində az müzakirə etmədik. İndi də xoşbəxtlik süfrəsində çayı müzakirə edək mi? Bir stəkan xatirə süzün, başlayaq…
İdman müəllimim “çay ziyandır içmə” dedi, həkimim “sadəcə yaşıl çay iç” dedi. Bəs mənim canım xoşbəxtlik çəkəndə, güvənli duyğu istəyəndə niyə çayın əksikliyini hiss etdim? Çünki çay babam idi… çünki çay uşaqlığım idi… çünki çay qardaşımdı… çay oğlumdur… çay, rəfiqəmin mənə nəsə danışmaq istədiyində “çay içirsənmi?” sualıdır. “Çay istəmirəm” cavabım “danışmaq-dinləmək istəmirəm” deməkmiş. “Çay ya türk qəhvəsi?” sualına çevrilib o sual çünki, mən çay sevmirəm əslində amma hər zaman dinləyərəm. Əslində mən çay sevmirəm. Bəs sevdiyim, həsrət olduğum nədir?

Xatirələr… bizim sevdiyimiz qidalar da, içkilər də xatirələrimizdir. Sağlıqlı qidalanma üçün sağlıqlı xatirələr depolamamız lazımdır. Misal, şirin çay və şorqoğalı sağlıqlı ikili deyil, amma bizim uşaqlığımızın Novruz bayramıdır. Evimizdə birləşdirilərək bişirilən Novruz şirniyyatlarının ilk sobadan çıxanlarının ev əhalisi ilə dadımıdır. Şirin çay ziyanlı birləşimdir, amma səhər yeməklərində qaşıqların fincanda şəkər və çay burulğanı yaratdığında fincandakı cingiltisidir. Uşaqlığımızın səhərləridir, qayğısızlığın səsidir o cingilti. Yay aylarımızın “samovar çayı” bəhanəsi ilə toplanılmasıdır, ordakı duyğuların xatirəsidir çay. Yeməkdən sonra çay içmək çox ziyandır, amma o masadakı zamanı uzatmaqdır “indi də bir pürrəngi çay içək” ifadəsi. “Getmədən çay içəkmi?” sualı “bir az daha qal”dır.
Bəlkə də mədəniyyət olaraq danışa bilən, duyğularını tanıyan və ifadə edən bir mədəniyyət formalaşdırdıqca daha sağlam xatirələrə sahib olarıq. Sorğulasaq, anlasaq, anlaşılmadığımızda bəlkə də çox dirənməsək də çayı da günahlandırmasaq.
Çayın psixologiyası: bir qurtum rahatlıq hardan gəlir. Hər qurtumda içdiyimiz duyğu nədir? Cavabı gələn məqaləmizdə.
Elmi əsas, qeyd: İnsan perinatal, körpəlik, uşaqlıq və yeniyetməlik çağında beynində yaranan bağlantıları həyatı boyu güvənli yer kimi qəbul edir (konfor alan sadəcə həqiqətən yaxşı şeylərin olduğu sahəmiz deyil. Bir insanın şiddət görmək, sərhədlərinin pozulması və s. konfor alanı ola bilər). Sağlam olmayan bağlantılar psixoloqlarla gerçəkləşən terapiyalarda sorğulanır və yeni bağlantılar ilə əvəzlənə bilir (qeyd: terapiya rahatlamaq deyil. Terapiya – insanın duyğularını, düşüncələrini və davranışlarını analiz edərək psixi sağlamlığını yaxşılaşdırmağı hədəfləyən danışıq prosesidir. Bu danışıq müəyyən nəzəriyyə və metodikalar ilə ixtisaslı peşəkar tərəfindən gerçəkləşdirilir) . Çünki, beyin daim dəyişə bilən orqandır və buna neyroplastiklik (nöroplastisite) deyilir.
Müəllif: Psixologiya üzrə fəlsəfə doktoru Bahar Bəylərova

