Şam ağaclarının sevimli meyvəsi qoza, mətbəxlərimizdə görməyə çox da vərdiş etməmişik. Ancaq qozadan hazırlanan sirop, çox sıx qarşılaşdığımız bir dad olmasa da əslində bir çox ölkədə uzun illərdir şəfasıyla fayda verən bir ləzzətdir. Evdar.az təbii öskürək siropu təsiri göstərən şəfa dolu bir ləzzət -qoza siropunun faydalarını və hazırlanma qaydasını təqdim edir.
Qoza siropunu hazırlamaq üçün əvvəlcə hələ yaşıl halda olan kiçik və təzə qozalara ehtiyacınız olacaq. Buna görə bu sirop daha çox yaz-yay aylarında edilir. Ancaq onu dörd mövsümdə müalicəvi otlar satılan etibarlı mağazalardan ala bilərsiniz. Onu da diqqətinizə çatdıraq ki, qəhvəyi rəng qozalardan istifadə etməyin.
Qoza siropu üçün lazım olanlar:
- 25-30 ədəd təzə kiçik yaşıl qoza
- 6 stəkan su
- 4-5 stəkan şəkər tozu (damaq dadına görə artırıb azalda bilərsiniz)
- 1-2 çay qaşığı limon suyu
Qoza siropunun hazırlanma qaydası:
Qoza siropu hazırlamaq bir az məşəqqətli bir işdir. Ancaq sonunda verdiyiniz bütün əməyə dəyəcək, əmin ola bilərsiniz.
Əvvəlcə istifadə edəcəyiniz qozaları tək-tək yaxşıca yuyun və üzərinə yapışan toz və çirkdən təmizləyin. Daha sonra qozaları dərin bir qaba töküb üzərinə bol su əlavə edin və bu şəkildə 1 gün gözlədin. Sabahısı gün qozaları bir qazana boşaldın və yenə üzərinə bol su töküb qaynadın.
Qaynatdığınız bu ilk suyu süzüb tökün və yüngül qaynadılmış qozaları yenə qazana tökün. 6 stəkan suyu ayrı bir qabda qaynadın və etdiyiniz bütün proseslər sayəsində istənməyən bütün çirklərindən təmizlənən qozaları yenidən bu ölçülü suyla qaynadın. Su qaynamağa başladıqda qazanın qapağını yarım açıq şəkildə bağlayıb ocağı zəiflədin. Ən zəif ocaqda 1,5-2 saat bişməyə qoyun. Bu müddətin sonunda qarışığa şəkər tozu də əlavə edin və konsistensiya alanadək arabir qarışdıraraq bişirin. Bişdikdə üzərində yaranan köpüyü çömçəylə yığıb atın. İstədiyiniz konsistensiyanı aldlqda içərisinə limon suyunu da əlavə edin və bir az daha qarışdırıb ocağın altını bağlayın. Qazandakı qarışığı otaq istiliyinə gələnə qədər gözlədin. Otaq istiliyinə gəldikdə süzərək içindən qoza dənələrini çıxarın. (Qoza dənələrini zövqə görə içərisində saxlaya bilərsiniz.) Qoza siropunuzu qablara bölüşdürün və qapaqlarını hava keçirməyəcək şəkildə möhkəm bağlayın.
Qoza siropunun istifadə qaydası:
Qoza siropunu gündə 1 çay qaşığından artıq istifadə etməyin! Bu siropu adi bir cem ya da şərbət kimi görməyin və yalnız fayda vermək üçün gündə 1 çay qaşığı istifadə edin. Həddindən artıq qəbul etdikdə ürək bulanması kimi bəzi əks təsirləri olur. Uşaqlara da verilə bilər – hər səhər, səhər yeməyindən 20-30 dəqiqə əvvəl 1 çay qaşığı.
Qoza siropunun faydaları nələrdir?
- Qoza siropu heç cür bitməyən öskürəyə kömək olur, qısa müddətdə öskürəyin tamamilə qarşısını alır.
- Qrip, soyuqdəymə kimi qış xəstəliklərinin sürətlə sağalmasına köməkçi olur.
- Astma və bronxit kimi xəstəliklərin yaxşılaşma müddətinə də müsbət təsir edir.
- Ağciyərləri təmizləyir, bu təsiriylə nəfəs alma problemini aradan qaldırır.
- İmmunitet sistemini də gücləndirən qoza siropu, bu sayədə bədəni yalnız qrip və soyuqdəymədən deyil bir çox xəstəlikdən qoruyur.
- Bədənə daxil olan zərərli və xarici maddələrin bədəndən çıxarılmasını həyata keçirir.
- Sakitləşdirici bir təsiri olduğundan stress və stressə bağlı yuxusuzluq problemi yaşayanlara yaxşı təsir edir.
- Ağız içində və boğazdakı iltihabın daha sürətli keçməsinə kömək edir.
- Diş əti iltihablanmalarına da yaxşı təsir edir.
- Son olaraq, qoza siropunun bədənə enerji verən bir təsiri olduğu, bu sayədə istifadə edənlərin özlərini daha gümrah hiss etdiyi də deyilir.
Vacib qeyd: Xroniki, ciddi bir narahatlığınız varsa, hər gün nizamlı olaraq dərman istifadə edirsinizsə, bədəniniz fərqli maddələrə qarşı tez-tez allergik reaksiyalar göstərirsə, qoza siropunu həkiminizlə məsləhətləşmədən qətiyyən istifadə etməyin! Yuxarıda da qeyd etdiyimiz kimi gündə 1 çay qaşığından artıq içməməlisiniz.
.