Ətirli Krep Syuzet Blinçikləri

Yields: 1 Serving

“Krep Syuzet” – məşhur fransız desertlərindən biridir. Ailənizi və qonaqlarınızı bu zərif, ağızda əriyən portağal sousunda ətirli blinçiklərlə təəccübləndirə bilərsiniz. Evdar.az məşhur desertin reseptini təqdim edir.

Tərkibi:
  • 3 ədəd yumurta
  • 2 xörək qaşığı şəkər tozu
  • 500 ml süd
  • 0.5 çay qaşığı duz
  • 250 qr un
  • 3 xörək qaşığı bitki yağı

Sous üçün:

  • 2 ədəd portağal
  • 50 qr kərə yağı
  • 70 qr şəkər tozu

Hazırlanma qaydası:

Blinçikləri hazırlamaq üçün dərin bir qabda yumurta və şəkər tozunu tel çırpıcıyla yaxşıca çırpın. Üzərinə duz və süd əlavə edib çırpmağa davam edin. Unu da az-az əlavə edib qarışdırın. Ən sonda bitki yağını da əlavə edib eynicinsli kütlə alınana qədər yaxşıca qarışdırın. Tavanı ocaqda qızdırıb fırça ilə azca yağlayın. Hazırladığınız xəmirdən çömçə ilə töküb hər iki üzünü qızardın.
Sousu hazırlamaq üçün şəkər tozunu quru tavaya töküb ocaqda əridin. Qəhvəyi rəng olana qədər qaynadın və kərə yağı əlavə edin. Portağalların üst narıncı qabığını sürtgəcdən keçirin və portağalların suyu sıxın. Portağal qabığını və şirəsini də sousa əlavə edib 2-3 dəqiqə qaynadın və ocağı söndürün. Bişən hər blinçiki bu sousda isladın. Əlavə qalan sousu blinçikləri süfrəyə verdikdə üzərinə tökün.
Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.