3 Ərzaqdan İbarət Yapon Çizkeyki

Yields: 1 Serving

Gənclərin daha çox bəyəndiyi şirniyyat olan çizkeyk (Cheesecake) Avropa və Amerika mətbəxinə aiddir. Evdə hazırlanması çətin olan bu şirniyyatı yaponiyalı bir xanım 3 məmulatla hazırlayıb. Evdar.az 3 ərzaqdan ibarət Yapon çizkeykinin reseptini təqdim edir.

Tərkibi:

  • 3 ədəd yumurta
  • 120 qr ağ şokolad
  • 120 qr maskarpone pendiri (iran qaymağı və ya labne pendiri də olar)

Hazırlanma qaydası:

Şokoladı kiçik hissələrə bölüb, istiyədavamlı qaba tökün. Su hamamında əridin. Yumurtaların ağını sarısından ayırın. Ağını tam bərkiyənədək mikserlə çalın. Ərimiş şokoladı maskarpone pendiri ilə yaxşıca çırpın. Qarışıma yumurta sarılarını da əlavə edib, qarışdırmağa davam edin. Mikserlə çalınmış yumurta ağlarını da, hissə-hissə kütləyə tökün. Aşağıdan yuxarı doğru ehtiyatla qarışdırın. Kənarı açılabilən soba qabının dibinə və kənarlarına yağlı kağız yerləşdirin. Xəmiri qabın içinə tökün. Ümumiyyətlə istənilən növ çizkeykin üzəri çatlamasın deyə bişirərkən, xəmir olan qab, digər geniş soba sinisinin içinə qoyulur. Sininin içərisinə isə təxmini 1/4 l su tökülür ki, xəmir bişən zaman su buxarlanıb, onu çatlamaqdan qorusun. Bu çizkeyki eyni qaydayla hazırlaya bilərsiniz. Əvvəlcədən 170 dərəcə qızdırılmış sobada cəmi 15 dəqiqə bişirin. Sobadan çıxarıb biraz soyutduqdan sonra qaymaq və şokoladın vəhdətindən zövq ala bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir