Çörək insan kimi dincəlməlidir. Əgər yaxşı dincəlməsə, gluten düzgün hərəkət etməsə, düzgün formalaşmasa ciddi problemlər yarada bilər. Unu düzgün emal etsəniz, düzgün turş xəmirdən istifadə etsəniz və xəmiri yaxşı dincəltsəniz həmişə yaxşı çörəyiniz olacaq. Yaxşı çörək probiotikdir və buna görə də həzmi asanlaşdırır. Karbohidratlar enerji verir, tərkibində protein, vitaminlər və yaxşı yağlar var.
Əslində bir çörəyin bişmə müddəti minimum 36 və ya 40 saat olmalıdır. Bu müddət ərzində xəmir dincəlir və glutenin hərəkət etməyi təmin edilir. Bir sözlə sağlam çörək 36 saat ərzində hazırlanmalıdır. Xəmiri soyuqda uzun müddət mayalandırmaq çox dadlı çörək əldə etməyə imkan verir və soyuqda qıcqırdıldığı üçün çörək o qədər də turş olmur. Evdar.az 36 saat soyuq mayalanmış xəmirdən hazırlanan çörəyin reseptini təqdim edir.
Soyuq Mayalanmış Xəmirdən Hazırlanan Çörəyin tərkibi:
- 1 çay qaşığı instant maya
- 1 stəkan (240 ml) su
- 2,5 stəkan (350 qr) un
- 1 çay qaşığı şəkər tozu
- 1 çay qaşığı duz
- 2 xörək qaşığı zeytun yağı
Soyuq Mayalanmış Xəmirdən Çörəyin hazırlanma qaydası:
İlk öncə bir qabda ilıq su, maya və şəkər tozunu qarışdırıb aktivləşməsini gözləyin. Aktivləşdirilmiş mayaya yağ, duz və unu əlavə edib uzun müddət yoğurun. Biraz axışqan xəmir olacaq, ancaq yoğurduqca əllərinizə daha az yapışacaq. Yüngül unlanmış bir dəzgahın üzərində xəmiri toplayın və mayalanması üçün bir kənara qoyun. Həcmi iki dəfə artdıqda yenidən yoğurun. 30 dəqiqəlik fasilə ilə 2 dəfə xəmiri qatlayıb saxlama qabına qoyub soyuducuya yerləşdirin. Nə qədər gözləsə, bir o qədər qlüteni parçalayır və yedikdən sonra mədəni ağırlaşdırmır. 36 saat soyuducuda saxlayın.
36 saat bitdikdən sonra soyuducudan çıxarıb kürə şəklini verin. Xəmiri yağlı kağızın üzərinə qoyub soba sinisinə yerləşdirin. Üzərini örtüb bir az kənarda gözlədin. Daha sonra unlayıb üzərinə iti bir bıçaqla xətt çəkin. Həcmi iki dəfə artan xəmiri əvvəlcədən 200 dərəcə qızdırılmış sobaya yerləşdirin. Eyni vaxtda oda davamlı bir qaba 3 kub buz qoyub sobaya yerləşdirin. 10 dəqiqədən sonra sobanı 160 dərəcəyə endirib çörəyin üzəri yaxşıca qızarana qədər bişirin.
Nuş Olsun!