Ananaslı “Havay” Pizzası

Ananaslı Havay Pizzası
Yields: 1 Serving

Bir vaxtlar toyuq ilə ananaslı pizza çox ekzotik və qəribə görünürdü, amma indi onun çoxlu pərəstişkarları var. Bu pizza Avropada “Havay pizzası” adı ilə çox məşhurdur. Ancaq Havayi ilə heç bir əlaqəsi yoxdur. Pizzanın əsas tərkibi ekzotik meyvə olduğundan bu ad verilib. Duzlu və şirinin birləşməsindən ortaya çıxan ləzzəti ev şəraitində də hazırlaya bilərsiniz. Evdar.az ananaslı pizzanın reseptini təqdim edir.

Ananaslı “Havay” Pizzasının tərkibi:

  • 180 qr un
  • 5 qr quru maya
  • 130 ml isti su
  • 4 xörək qaşığı (70 qr ) zeytun yağı
  • 100 qr  soğan
  • 350 qr toyuq filesi
  • 300 qr konservləşdirilmiş ananas
  • 150 qr bərk pendir (holland pendiri)
  • 2 xörək qaşığı (60 qr) tomat
  • duz, istiot zövqə görə

Ananaslı “Havay” Pizzasının hazırlanma qaydası:

Pizzanın xəmirini hazırlamaq üçün dərin bir qaba unu ələyin. Üzərinə quru maya və isti suyu az-az əlavə edib qarışdırın. Üzərinə 2 xörək qaşığı zeytun yağını da əlavə edib 10 dəqiqə xəmir yoğurun. Pizza xəmirini yuvarlayıb dərin bir qaba qoyun. Üzərini təmiz bir mətbəx dəsmalıyla örtün və təxminən 1 saat isti yerdə saxlayın. Xəmirin həcmi iki dəfə artmalıdır.

Soğanı təmizləyib yarım halqa şəklində nazik doğrayın. Fileni nazik zolaqlar şəklində doğrayın. Tavaya 2 xörək qaşığı zeytun yağı töküb qızdırın. Qızdırılmış yağda soğanı orta odda 3 dəqiqə qovurun. Daha sonra üzərinə toyuq filesini əlavə edin. Qarışdıraraq 7 dəqiqə bişirin. Ocaqdan götürüb soyuması üçün kənara qoyun.

Ananası süzüb kub formasında doğrayın. Pendiri sürtgəcdən keçirin. Pizzanın xəmirini yağlı kağız sərilmiş soba sinisinin üzərinə yayın və soba sinisinin içərisinə yerləşdirin. Sobanı əvvəlcədən 210 dərəcə qızdırın. Pizza xəmirinin üzərinə tomat sousunu yaxın. Üzərinə yüngül qovrulmuş soğanlı toyuq filesini yayın. Daha sonra ananas dilimlərini. Üzərinə sürtgəcdən keçirilmiş pendiri də səpib 15 dəqiqə bişirin.
Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir