Azərbaycan Mətbəxinin Ləziz Sousu-Nardança

Yields: 1 Serving

Azərbaycan mətbəxinin yağlı yeməklərini müəyyən ədviyyatlar, turş souslar, müxtəlif otlar və göyərtilərsiz təsəvvür etmək mümkün deyil. Xüsusilə qışda müxtəlif əlavələrə ehtiyac artır. Nardança da mətbəximizin ən mühüm elementlərindən biridir. Nar dənələrindən hazırlanan Nardança cənnət meyvəsinin – narın bütün gözəl xüsusiyyətlərini özündə cəmləşdirir. Evdar.az nardançanın reseptini təqdim edir.

Azərbaycan Mətbəxinin Ləziz Sousu-Nardançanın tərkibi:

  • 3 kq soğan
  • 5 kq nar
  • 700 qr duru yağ
  • 3 xörək qaşığı şəkər tozu
  • 1 xörək qaşığı duz

Azərbaycan Mətbəxinin Ləziz Sousu-Nardançanın hazırlanma qaydası:

İlk öncə soğanın qabığını soyub nazik doğrayın. Tavaya soğanları töküb ocağa qoyun. Üzərinə duru yağ töküb qarışdırın. Tavanın qapağını örtüb soğanları bişirin. Narı dənələyin. Qovrulub rəngi dəyişən soğanlara nar dənələrini əlavə edib qarışdırın. Narı tökdükdən sonra tavanın qapağını örtməyin. Əgər qoysanız nar dənələri buxardan sulanıb əziləcək. Nardançanı yağa düşənə qədər bişirin. Üzərinə duz və şəkər tozu əlavə edib qarışdırın. 5 dəqiqə daha qovurub ocaqdan götürün. Hazır nardançanı süfrəyə plov, balıq və ya ət yeməklərinin yanında verə bilərsiniz. Artıq qalan nardançaları soyuducu paketlərinə doldurub soyuducunun dondurucu rəfində 1 il saxlaya bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir