Az Kalorili Yüngül Qəlyanaltı: Toyuq Filesi Paşteti

Az Kalorili Yungul Qelyanaltı Toyuq Filesi Pasteti1
Yields: 1 Serving

Pəhriz menyusunda ən məşhur ət toyuq ətidir. Toyuq əti həm ucuz, həm asanlıqla həzm olunan, kalorisi az, lakin çoxlu protein ehtiva edən ət növüdür. Bu faydalı ət növündən əla qəlyanaltı hazırlaya bilərsiniz. Evdar.az toyuq filesindən hazırlanan paştetin reseptini təqdim edir.

Toyuq Filesi Paştetinin tərkibi:

  • 1 ədəd orta və ya böyük ölçüdə yerkökü
  • 1 ədəd yumurta
  • 200-250 qr toyuq filesi
  • 1 diş sarımsaq
  • 50-70 qr otaq temperaturunda yumşaldılmış kərə yağı
  • duz, istiot

Toyuq Filesi Paştetinin hazırlanma qaydası:

Qazana su və bir az duz töküb qabığı soyulmuş yerkökü və toyuq filesini bişirin. Bişən yerkökü və toyuq filesini sudan çıxarıb bulyonunu tökməyin (lazım ola bilər). Başqa bir qabda yumurtanı suda bişirin. Bərk halda bişən yumurtanın qabığını soyub soyudun. Blenderin qabına kiçik parçalara ayrılmış bişmiş toyuq filesi və yerkökünü töküb yaxşıca əzin. Dərin bir qaba sürtgəcdən keçirilmiş yumurta, püre halına gətirdiyiniz yerkökü və toyuq filesi, sarımsaqəzəndən keçirilmiş sarımsaq və otaq temperaturunda yumşaldılmış kərə əlavə edib yaxşıca qarışdırın. Əgər paştetin püre kimi hamar olmağını istəyirsinizsə əl blenderiylə yaxşıca əzə bilərsiniz. Zövqə görə duz, istiot və doğranmış göyərti də əlavə edə bilərsiniz. Döş əti quru olduğu üçün paştet kifayət qədər yağlı olmaya bilər. Bu zaman bulyondan az-az əlavə edin və istədiyiniz konsistensiyaya gətirin. Hazır paşteti ən azı 30 dəqiqə soyuducuya saxlayın. Daha sonra çıxarıb təzə baget, tost çörəyin üzərinə yaxıb və ya tartaletkaları paştetlə doldurub süfrəyə verə bilərsiniz. Belə sendviçləri xiyar dilimləri (təzə və ya turşu xiyar) və göyərti ilə bəzəyə bilərsiniz. Paşteti soyuducuda saxlayın və 4 gün ərzində yeyilməlidir.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir