Olduqca zərif korjların dadlı halvalı kremlə isladılmış çox qeyri-adi və bənzərsiz bir tort resepti. Evdar.az dadlı Halvalı tortunun reseptini təqdim edir.
Bənzərsiz Dadı İlə Halvalı Tortun tərkibi:
Kakaolu biskvit üçün:
- 5 yumurta
- 3/4 stəkan şəkər tozu
- 2/3 stəkan un
- 1/3 stəkan kakao
Küncütlü korj üçün:
- 4 yumurta ağı
- ½stəkan şəkər tozu
- ½ xörək qaşığı kartof nişastası (kraxmal)
- ½ xörək qaşığı un
- ½ çay qaşığı qabartma tozu
- 150 qr küncüt toxumu
Halvalı kremi üçün:
- ½ litr süd
- 3 xörək qaşığı un
- 2 xörək qaşığı qarğıdalı nişastası
- ½ stəkan şəkər kirşanı
- 4 yumurta sarısı
- ½ stəkan kərə yağı
- təxminən 200 qr vanilli və ya araxisli (yer fındığı) halva
Bənzərsiz Dadı İlə Halvalı Tortun hazırlanma qaydası:
Kakaolu biskviti hazırlamaq üçün öncə kakao və unu qarışdırıb birlikdə ələyin. Yumurtanın ağını sarısından ayırıb, yumurta ağlarını bərkiyənədək mikserlə çırpın. Bərkiyən yumurta ağına şəkər tozunu qaşıq-qaşıq əlavə edərək çırpmağa davam edin. Daha sonra yumurta sarısını bir-bir əlavə edin və yaxşıca çırpın. Yumurta qarışığına ələnmiş un və kakao əlavə edib ehtiyyatla qarışdırın. Diametri 23 sm olan soba sinisinə yağlı kağız sərin. Hazırladığınız kütləni siniyə töküb əvvəlcədən 160-170 dərəcə qızıdırılmış sobada təxminən 35-40 dəqiqə bişirin. Bişən biskviti soyudub 2 hissəyə ayırın.
Küncütlü korju hazırlamaq üçün bir qabda yumurta ağını tədricən şəkər tozu əlavə edərək bərkiyənədək mikserlə çırpın. Çırpdığınız kütləyə qalan kartof nişastası, un, qabartma tozu və küncüt toxumu əlavə edib qarışdırın. Yağlı kağız sərilmiş soba sinisinə kütləni töküb 180 dərəcə qızdırılmış sobada 30 dəqiqə bişirin.
Halvalı kremi hazırlamaq üçün bir qabda südün yarısını şəkər kirşanıyla qarışdırıb ocağın üzərində qaynadın. Yumurta sarısını çırpın, südün qalan yarısını da yumurta sarısıyla qarışdırın. Yumurtalı süd qarışığına un əlavə edib qarışdırın. Qaynayan şəkərli südə töküb az-az əlavə edərək dayanmadan qarışdırın. Qatı pudinq konsistensiyası alınmalıdır. Ocağın üzərindən götürüb yaxşıca soyudun. Kərə yağını rəndələyib, halvanı qaşıq-qaşıq əlavə edərək mikserlə çırpın. Daha sonra soyuq pudinqi əlavə edib yaxşıca çırpın və kremi soyudun.
Öncə kakaolu biskviti qoyub üzərinə halvalı krem yaxın. Daha sonra üzərinə küncütlü korju qoyun və yenidən krem yaxın. Bu qayda ilə davam edin. Zövqə görə kremlə bəzəyib süfrəyə verin.
Nuş Olsun!