Blinçik Xəmirindən Qiyməli Lazanya

Yields: 1 Serving

Klassik lazanya yumurtalı xəmir təbəqələrindən hazırlanır, lakin son vaxtlar aşpazlar resepti dəyişdirməyə çalışırlar. Və onu yeni üsulla – blinçik xəmirləri ilə hazırlayırlar. Bəziləri üçün blinçik xəmiriylə hazırlanan  lazanya orijinaldan daha dadlıdır. Siz də bu ləziz dadı hazırlayıb şərh bölümündə fikrinizi bizimlə bölüşə bilərsiniz.

Evdar.az blinçik xəmirindən hazırlanan lazanyanın reseptini təqdim edir:

Blinçik Xəmirindən Qiyməli Lazanyanın tərkibi:

Blinçik xəmiri üçün :

  • 3 ədəd yumurta
  • yarım xörək qaşığı şəkər tozu
  • yarım çay qaşığı duz
  • 1,5 stəkan süd
  • 1,5 stəkan un
  • 1 stəkan qaynar su
  • 3 xörək qaşığı duru yağ

İçlik üçün:

  • 500 qr qiymə
  • maye yağ
  • 400 qr Gouda pendiri
  • 1 ədəd soğan
  • 2 ədəd bibər (1 ədəd yaşıl və 1 ədəd qırmızı şirin bibər)
  • öz şirəsində pomidor və bibər pastası
  • duz, istiot

Beşamel sousu üçün:

  • 1 xörək qaşığı un
  • 1,5 stəkan süd
  • 60 qr kərə yağı
  • 100 qr Gouda pendiri
  • duz, istiot

Blinçik Xəmirindən Qiyməli Lazanyanın hazırlanma qaydası:

Blinçik xəmirini hazırlamaq üçün dərin bir qabda yumurta və südü tel çırpıcıyla yaxşıca qarışdırın. Üzərinə un, duz və şəkər tozu əlavə edib qarışdırmağa davam edin. Qaynar suyu da əlavə edib dayanmadan qarışdırın. Duru yağı da blinçik xəmirinə əlavə edin. Hazır xəmirdən tavanın ölçüsünə görə 1 çömçə qaşıq götürüb  yaxşıca qızdırılmış blinçik tavasında bişirin. Bu qaydayla xəmir bitənə qədər bişirin. Qiyməli lazanyanın hazırlanmasında 10-12 ədəd blinçik xəmiri lazım olacaq. Artıq xəmirləri müxtəlif içliklə doldurub süfrəyə verə bilərsiniz və ya dondurucuda yarımfabrikat halında saxlaya bilərsiniz.

İçliyi hazırlamaq üçün ilk öncə qiyməni tavada suyu çəkilənə qədər bişirin. Üzərinə maye yağ və mətbəx robotuyla xırdalanmış soğan əlavə edib qovurmağa davam edin. Bibərləri kiçik kub formasında doğrayıb qovrulan qiyməyə əlavə edin.Duz, istiot, öz şirəsində pomidor və bibər pastası əlavə edib qarışdırın.3-4 dəqiqə qaynadıqdan sonra ocağı söndürün.

Beşamel sousunu hazırlamaq üçün dərin qazanda kərə yağını əridin. Üzərinə un əlavə edib tel çırpıcıyla dayanmadan qarışdırın. Südü də az-az əlavə edin və sürtgəcdən keçirilmiş Gouda pendirini əlavə edib ocaqdan götürün.

Blinçiklərin kənarlarını dairəvi qəliblə səliqəyə salın. İlk öncə blinçikin birini odadavamlı şüşə qəlib və ya dairəvi soba sinisinə yerləşdirin. Blinçikin üzərinə beşamel sousundan 1 qaşıq töküb yayın. Sousundan üzərinə isə qiyməli qarışıqdan da tökün. Sürtgəcdən keçirilmiş Gouda pendirini səpin. İkinci blinçiki yerləşdirib ardıcıllıqla blinçik+sous+qiyməli qarışıq+pendir səpin.Bu qaydayla hazırlayıb ən son blinçikin üzərinə rəndələnmiş pendir əlavə edib əvvəlcədən 200-220 dərəcə qızdırılmış sobada pendir əriyənə qədər bişirin.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir