Çiyələkli və Şokoladlı Şirin Pizza

Ciyelekli-ve-Sokoladli-Sirin-Pizza
Yields: 1 Serving
Pizzanın ən ləzzətli forması! Şokolad və pizza sevən hər kəs bu dadlı və asan  resepti mütləq sınasın! Evdar.az çiyələkli və şokoladlı şirin pizzanın reseptini təqdim edir.

Çiyələkli və Şokoladlı Şirin Pizzanın tərkibi:

Xəmiri üçün:

  • 1,5 stəkan un
  • 1/2 stəkan ilıq su
  • 1 çay qaşığı quru maya
  • 1 xörək qaşığı süd
  • 1 xörək qaşığı zeytun yağı
  • 1 çay qaşığı duz

Üzəri üçün:

  • 2 xörək qaşığı çiyələk cemi
  • 1 xörək qaşığı su
  • 300 qr çiyələk

Sousu üçün:

  • 180 qr bittər şokoladı
  • 2 xörək qaşığı qaymaq

Çiyələkli və Şokoladlı Şirin Pizzanın hazırlanma qaydası:

Xəmiri hazırlamaq üçün dərin bir qaba ilıq su və quru maya əlavə edib qarışdırın. Üzərinə zeytun yağı və südü əlavə etdikdən sonra duru qarışığı əlinizlə qarışdırın. Ələnmiş unu və duzu da əlavə edib xəmir yoğurun. Xəmirin üzərinə nəmli bir mətbəx dəsmalı örtüb 30 dəqiqə otaq temperaturunda saxlayın. Mayalanan xəmiri streç salafana büküb 30 dəqiqəlik soyuducuya yerləşdirin. Xəmiri yağlı kağızın arasında və ya unlanmış mətbəx dəzgahının üzərində oxlovla diametri 30 sm olan dairəvi yayın. Pizza xəmirinin yuxarı və aşağı hissələrinin bərabər şəkildə bişməsi üçün deşikli pizza qəlibinə yerləşdirin. Deşikli pizza altlığınız yoxdursa, soba sinisindən istifadə etməyin! Birbaşa yağlı kağızı sobanın içərisindəki tel çarxın üzərinə qoyun. Bu şəkildə aşağıdan və yuxarıdan bərabər istilikdə bişəcək.

Üzəri üçün çiyələk ceminin üzərinə su əlavə edib qarışdırın. Su ilə açılmış cemi fırçadan istifadə edərək pizza xəmirinin kənarlarına toxunmadan yaxın. Xəmiri əvvəlcədən 250 dərəcə qızdırılmış sobada 10 dəqiqə bişirin.

Sousunu hazırlamaq üçün dərin bir qazanda su qaynadın. Qaynar suyun üzərinə kiçik bir qazan yerləşdirin. Şokoladı kiçik hissələrə bölüb qazana tökün və üzərinə qaymaq əlavə edib su hamamında  qarışdıraraq əridin.
Çiyələkləri nazik dilimləyin. Sobadan çıxartdığınız pizzanın üzərinə əridilmiş şokoladı töküb yayın. Şokolad soyuduqdan sonra çiyələk dilimlərini pizzanın üzərinə bərabər şəkildə yerləşdirin. Şokoladlı və çiyələkli bu pizzanı çox gözlətmədən dilimləyib sevdiklərinizlə paylaşın.
Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir