Çizkeykli “Qara Meşə” Tortu

Yields: 1 Serving

İki klassik desertin bir-birinə mükəmməl birləşməsi. Nəticə inanılmazdır! Evdar.az çizkeykli “Qara meşə”  tortunun reseptini təqdim edir.

Çizkeykli “Qara Meşə” Tortunun tərkibi:

Korj üçün:

  • 1 ədəd  yumurta sarısı
  • 150 qr un
  • 25 qr kakao
  • 1 çimdik duz
  • 50 qr şəkər kirşanı
  • 100 qr kərə yağı

Albalılı içlik üçün:

  • 1 banka (720 ml) konservləşdirilmiş albalı
  • 1 paket vanilli pudinq

Çizkeyk üçün:

  • 4 ədəd yumurta
  • 1000 qr kəsmikli pendir( 40% yağlılığı)
  • 100 qr qarğıdalı nişastası
  • 150 qr şəkər tozu
  • 1 çubuq vanil

Şokoladlı qanaş üçün:

  • 200 qr tünd şokolad
  • 120 qr  33% yağlılığı qaymaq
  • 20 qr kokos yağı

Çizkeykli “Qara Meşə” Tortunun hazırlanma qaydası:

Korju hazırlamaq üçün bir qabda un, kakao, duz və şəkər kirşanını qarışdırın. Üzərinə 1 ədəd yumurta sarısı və kiçik kub formasında dilimlənmiş kərə yağı əlavə edib mikserin xəmir qarışdıran başlığıyla yoğurun. Daha sonra xəmiri dəzgaha qoyub əlinizlə yoğurmağa davam edin. Hamar xəmiri oxlovla yayın (26 sm-lik soba qəlibi üçün). Diametri 26 sm olan dairəvi soba qəlibini yağlayın və azca unlayın. Yaydığınız xəmiri səliqəli şəkildə formaya yerləşdirin və hamarlaşdırın. Xəmirin artıq qalan kənarlarını kəsib götürə bilərsiniz. Soba qəlibini yarım saatlıq soyuducuya yerləşdirin. Soyuyan xəmirin üzərinə yağlı kağız sərin və üzərinə noxud və ya lobyanı yayın ki, xəmir bişdikdə qalxmasın. Əvvəlcədən 175 dərəcə qızdırılmış sobada 12-15 dəqiqə bişirib üzərindəki ağırlığı (yağlı kağızla noxudu) götürün və soyuması üçün kənara qoyun.

Albalılı içlik

Albalılı içlik üçün konservləşdirilmiş albalını süzün, suyunu bir qaba tökün. Vanilli pudinqi 4 xörək qaşığı albalı suyuyla qarışdırın. Qalan albalı suyunu qazanda qızdırın, ocaqdan götürüb vanilli pudinqlə qarışdırın. Qazanı yenidən ocağa qoyub qarışdıraraq pudinqi 1 dəqiqə qaynadın. Albalıları da əlavə edib qarışdırın və istiyə davamlı bir qaba tökün. Streç salafanla örtüb kənarda saxlayın.

Çizkeyki hazırlamaq üçün bir qabda kəsmikli pendir, yumurta ağı, 4 ədəd yumurta , nişasta, şəkər tozu və vanil (vanil çubuğunu ikiyə ayırıb, iç hissəsini bıçaqla sıyırıb istifadə edin) əlavə edib mikserlə yaxşıca çırpın.
Korj olan soba qəlibinin kənarlarını folqa kağızıyla bükün. Kəsmikli kütlənin yarısını qəlibdə olan bişmiş korjun üzərinə yayın. Üzərinə albalılı içliyi hamar şəkildə yayın. Qalan kəsmikli kütləni də yayıb hamarlaşdırın. Soba qəlibini böyük ölçülü soba sinisinə yerləşdirin. Siniyə qəlibin orta hissəsinə qədər qaynar su tökün. Əvvəlcədən 175 dərəcə qızdırılmış sobada təxminən 45 dəqiqə bişirin. Sobadan götürüb dəmir torun üzərində 2 saat soyuudun.

Qanaşı hazırlamaq üçün şokoladı xırdalayın və oda davamlı bir qaba tökün. Qaymağı kokos yağıyla isidin. İsti qaymağı şokoladın üzərinə töküb yaxşıca qarışdırın və azca soyudun. Soyuyan çizkeyki qəlibdən ayırın və qanaşı çizkeykin üzərinə yayıb 1 saatlıq soyuducuya yerləşdirin.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir