Çöp Şişdə Qızardılmış Moyva Balığı

Yields: 1 Serving

Moyva-çox zərif və dadlı balıqdır. Ancaq bir çoxu bu balığı bişirməyi sevmir. Çünki bu xırda balıqları təmizləmək və ayrı-ayrılıqda qızartmaq vaxt itkisi kimi hesab edərək bişirməkdən imtina edirlər. Bütün bu problemi bir üsulla həll edə bilərsiniz. Moyva balığını çöp şişdə qızardıb nuş edə bilərsiniz. Evdar.az çöp şişdə qızardılmış moyva balığının reseptini təqdim edir.

Çöp Şişdə Qızardılmış Moyva Balığının tərkibi:

  • 800 qr moyva balığı
  • 1 ədəd soğan
  • 1 xörək qaşığı limon suyu
  • 1 çay qaşığı duz
  • 0,25 çay qaşığı qırmızı bibər tozu
  • qarğıdalı unu
  • günəbaxan yağı

Çöp Şişdə Qızardılmış Moyva Balığının hazırlanma qaydası:

İlk öncə moyva balığının baş və iç hissəsini təmizləyib çıxarın. Axar suyun altında yaxşıca yuyub, kağız dəsmalla yaxşıca qurudun.

Soğanın qabığını soyub sürtgəcdən keçirin. Sürtgəcdən keçirilmiş soğanı təmiz bir tənziflə suyunu sıxıb dərin bir qaba tökün. Soğan suyuna limon suyunu da əlavə edin. Duz və qırmızı bibər tozu da əlavə edib qarışdırın. Hazırladığınız marinada balıqları əlavə edib yaxşıca bulayın.  Balıqları marinadda 20 dəqiqə saxlayın. Daha sonra balıqları çöp şişlərə keçirin. Şişləri una bulayıb silkələyin. Balıq şişlərini qızdırılmış yağda qızardın. Hər iki tərəfi qızılı rəng olana qədər orta odda bişirin. İstəyə görə balıqları adi qaydada şişə keçirin və ya balığın baş hissəsindən quyruq hissəsinə qədər buraraq keçirə bilərsiniz.

Qızardılmış moyva balığını süfrəyə lavaşla birlikdə verə bilərsiniz. 1 ədəd qırmızı soğanı yarım halqa formasında doğrayıb, üzərinə 3 xörək qaşığı alma sirkəsi töküb qarışdırın. Marinə olunması üçün 15 dəqiqə kənarda saxlayın. Təzə şüyüdü yuyub xırda doğrayın. Lavaşı açıb qızardılmış moyva balığını, üzərinə marinə olunmuş qırmızı soğanı və doğranmış göyərtini düzüb bükün.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir