Çox Dadlı Almalı “Çeburaşka” Piroqu

Yields: 1 Serving

Çox ətirli və dadlı tort və ya piroq  “Çeburaşka”. Zərif görünüşü torta bənzədiyi üçün inanılmaz dadlı və asan hazırlanan piroqdur. Evdar.az “Çeburaşka”piroqunun reseptini təqdim edir.

Çox Dadlı Almalı “Çeburaşka” Piroqunun tərkibi:

Xəmiri üçün:

  • 280 qr un
  • 100 qr kərə yağı
  • 140 qr şəkər tozu
  • 2 ədəd yumurta sarısı
  • bir çimdik duz
  • yarım kiçik limon qabığı
  • zövqə görə vanil
  • qabartma tozu
  • 1 çay qaşığı qabartma tozu

İçlik üçün:

  • 500 qr alma (qabığı soyulmuş, təmizlənmiş)
  • 1 xörək qaşığı qarğıdalı nişastası
  • zövqə görə şəkər tozu
  • darçın tozu

Mereng üçün:

  • 2 ədəd yumurta ağı
  • 1 çimdik duz
  • 1 çay qaşığı limon suyu
  • 2 xörək qaşığı şəkər tozu

Çox Dadlı Almalı “Çeburaşka” Piroqunun hazırlanma qaydası:

Xəmirini hazırlamaq üçün ilk öncə yumurta sarısının üzərinə şəkər tozu və bir çimdik duz əlavə edib mikserlə yaxşıca çırpın. Üzərinə sürtgəcdən keçirilmiş limon qabığı vanil əlavə edib qarışdırın. Otaq temperaturunda yumşaldılmış kərə yağını da əlavə edib çırpmağa davam edin. Başqa bir qabda un və qabartma tozunu qarışdırıb ələyin. Unun üzərinə yumurtalı kütləni tökün. Əvvəlcə qarışığı qaşıqla qarışdırın, daha sonra əllərinizlə xırda ovuntular halına gələnə qədər boş xəmir hazırlayın.

İçliyi hazırlamaq üçün almaların qabığını soyun, cecəsini kəsib atın. Qabığı soyulmuş almaları sürtgəcin xırda gözündən keçirib şirəsini buraxması üçün 5 dəqiqəlik kənara qoyun. Almaların şirəsini sıxıb üzərinə şəkər tozu və nişasta əlavə edib qarışdırın. Zövqə görə darçın tozu əlavə edə bilərsiniz. Dairəvi qəlibin alt və kənar hissələrini bitki yağı ilə yağlayın. Yağlanmış qəlibə quru xəmirin yarısını töküb hamarlaşdırın. Almalı içliyi xəmirin hər tərəfinə yayın. Xəmirin ikinci hissəsini almalı kütlənin üzərinə tökün. Əvvəlcədən 190 dərəcə qızdırılmış sobada 30 dəqiqə bişirin.

Merengini hazırlamaq üçün yumurta ağlarını mikserlə ağarana qədər yaxşıca çırpın. Üzərinə bir çimdik duz, şəkər tozu və 1 çay qaşığı limon suyu əlavə edib yumurta ağı bərkiyib formasını saxlayana qədər çırpmağa davam edin. Piroqu sobadan çıxarıb üzərinə bezeni töküb qaşıqla naxışlar düzəldin. Piroqu yenidən sobaya 10 dəqiqəlik üst qatı yüngülcə qızarana qədər qoyun. Hazır tortu dilimləyib süfrəyə verə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir