Milli mətbəximizin ləzzətlərindən olan paxlavanın şokoladla birləşməsindən ortaya çıxan dad. Evdar.az şokoladlı paxlava reseptini təqdim edir.
Tərkibi:
Xəmiri üçün:
- 700 qr un
- 100 qr kakao (6 xörək qaşığı)
- 2 ədəd yumurta
- 150 qr yağ
- 200 qr xama
- 1 stəkan süd
- 0.5 çay qaşığı maya
- 0.5 çay qaşığı duz
İçlik üçün:
- 700 qr qoz ləpəsi
- 500 qr şəkər tozu
- 1 çay qaşığı hil
Şərbəti üçün:
- 3 stəkan pesok
- 1.5 stəkan su
- 1/4 çay qaşığı limon duzu (çay qaşığının ucunda)
Üzərinə gəzdirmək üçün 1.5 stəkan əridilmiş kərə yağı
Hazırlanma qaydası:
İçliyi hazırlamaq üçün ilk öncə qoz ləpəsini yuyun və əvvəlcədən 100 dərəcə qızdırılmış sobada 1 saat qurudun. Soyuduqdan sonra qozçəkəndən keçirin. Bir qabda xırdalanmış qoz ləpəsinin üzərinə şəkər tozu və hil əlavə edib qarışdırın.
Şərbəti hazırlamaq üçün bir qabda şəkər tozunun üzərinə su əlavə edib ocağa qoyun. Qaynamağa başladıqda, üzərində köpüklər əmələ gəldikdə limon duzu əlavə edib qarışdırın. Ocaqdan götürüb soyuması üçün kənara qoyun. Soyuyan şərbət bal kimi qatı olmalıdır.
Xəmiri hazırlamaq üçün kakaonu ələyib unun üzərinə töküb qarışdırın. Unun orta hissəsində çuxur açıb ilıq süd və əridilmiş kərə yağı əlavə edin. Yumurta, xama, maya və duz əlavə edib yumşaq xəmir yoğurun. Xəmiri yarım saatıq kənara qoyun (mayalandırmağa ehtiyac yoxdur). Yarım saatdan sonra xəmirdən 12 ədəd kündə hazırlayın. 10 ədəd 80 qr kündə hazırlayın. Alt və üst qatı üçün 250-300 qr-lıq 2 kündə hazırlayın. Kündələri 10 dəqiqəlik dinləndirin. Soba sinisini yağlayın. Böyük kündələrdən birini unlanmış dəzgahda sininin ölçüsünə uyğun yayın və səirn. Üzərinə içlik səpin. Qatların arasında yağ çəkməyin, bütün qatlara sadəcə içlik səpin. Hər qata 1 stəkan içlik səpilməlidir. Bu qayda ilə bütün kündələri yayıb siniyə sərin və içlik səpin. Üst qatdan əvvəlki qata içlik səpməyin, sadəcə əridilmiş yağ çəkin. Axırıncı qata böyük kündəni də yayıb sərin. Paxlavanın üzərini romb formasında kəsin. Üzərinə əridilmiş kərə yağı yaxıb əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 45-50 dəqiqə bişirin. Bişməyə başlayandan 20 dəqiqə sonra sobadan çıxarıb kəsilən hissələrdən bıçaqla təkrar kəsin. Üzərinə əridilmiş (ayranı süzülmüş, dağ olmuş) kərə yağını səpib təkrar bişməyə qoyun. Paxlava bişdikdən sonra sobadan çıxarıb üzərinə soyuq şərbət tökün. Üzərini ağ və qara şokoladla bəzəyin. Şərbəti tökdükdən sonra sobaya qoymayın.
Nuş Olsun!