“Çudo Peçka” Pirojkisi

Yields: 1 Serving

Bir zamanlar Azərbaycanda fəaliyyət göstərən “Çudo Peçka” mağaza-kafesində bişən qənnadı məhsulların dadı dillər əzbəri idi. Evdar.az pambıq kimi yumşaq və dadlı “Çudo Peçka” pirojkisinin reseptini təqdim edir.

Tərkibi:

Xəmiri üçün:

  • 7,5 stəkan un
  • 2 ədəd yumurta
  • 2 ədəd 10%-li xama
  • 1 st isti su
  • 1 xörək qaşığı duz
  • 1 çay qaşığı şəkər tozu
  • 1 xörək qaşığı quru maya
  • 3 xörək qaşığı isti su
  • 3-4 xörək qaşığı bitki yağı

Kartoflu içlik üçün:

  • 5 ədəd kartof
  • bitki yağı
  • soğan
  • duz, istiot

Düyülü içlik üçün:

  • 1 stəkan yumru düyü
  • 3 ədəd yumurta
  • yarım dəstə şüyüd
  • 3-4 budaq keşniş
  • soğan
  • bitki yağı
  • duz, istiot

Hazırlanma qaydası:

Xəmiri hazırlamaq üçün stəkanda ilk öncə 1 xörək qaşığı quru maya, 3 xörək qaşığı isti su və 1 çay qaşığı şəkər tozunu töküb qarışdırın. Stəkanın üzərinə nəlbəki örtüb mayalanması üçün kənara qoyun. Xəmiri yoğuracağınız dərin bir qabda un və duzu qarışdırın. Üzərinə aktivləşən mayanı, yumurtanı və xamanı töküb qarışdırın. Daha sonra üzərinə ilıqdan bir az isti su töküb yumşaq, ələ yapışan xəmir yoğurun. Xəmirə 3-4 xörək qaşığı bitki yağı da əlavə edib xəmiri 5 dəqiqə daha yoğurun. Yoğurduğunuz xəmiri 1-2 saatlıq kənarda saxlayın.
Kartoflu içliyi hazırlamaq üçün tavada yağda xırda doğranmış soğanı qovurun. Kartofu da suda bişirib qabığını soyun. Bir qabda kartof, qızardılmış soğan, duz və istiot töküb çəngəllə əzərək qarışdırın.
Düyülü içliyi hazırlamaq üçün düyünü duzlu suda bişirin. Yumurtanı da suda bişirib sürtgəcdən keçirin. Göyərtini də xırda doğrayın. Soğanı yağda qovurun. Bir qabda bişmiş düyü, sürtgəcdən keçirilmiş yumurta, xırda doğranmış göyərti, yağda qovrulmuş soğan, duz və istiot töküb qarışdırın.
Xəmirdən naringi (mandarin) böyüklüyündə kündələr yuvarlayıb içlikdən qoyub bükün. Bu qaydayla bütün xəmiri həm düyülü, həm də kartoflu içliklə doldurub pirojkilər hazırlayın. Bükdüyünüz pirojki qazanda qızdırılmış duru yağda hər iki tərəfli qızardın. Qızardılmış pirojkilərin artıq yağını çəkməsi üçün kağız salfetin üzərinə qoyun. Dadlı pirojkilər hazırdır!

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir