Dad Reseptorları Fəth Edən Bal-Kokos Tortu

Yields: 1 Serving

Bu tortu hazırlayıb və çayınızı, qəhvənizi süzüb hər dilimindən ləzzət alaraq nuş edə bilərsiniz. Evdar.az dad reseptorlarını fəth edən bal-kokos tortunun reseptini təqdim edir.⠀

Korjlar üçün:

  • 1 ədəd yumurta
  • 75 qr şəkər tozu
  • 60 qr bal
  • 40 qr kərə yağı
  • 0,5 çay qaşığı soda
  • 175-200 qr un

Kokoslu krem üçün:

  • 200 qr kokos südü
  • 200 qr ağ şokolad
  • 500 qr krem pendir
  • 5 qr jelatin

Üzəri üçün zövqə görə giləmeyvə

Hazırlanma qaydası:

Korjları hazırlamaq üçün bir qabda yumurta, şəkər tozu, bal və kərə yağını qarışdırın. Zəif ocaqda şəkər tozu əriyənədən qarışdıraraq isidin. Üzərinə soda əlavə edib tez-tez qarışdırın. Kütlə ağaracaq və həcmi artacaq. Ocaqdan götürün və üzərinə unun çox hissəsini töküb taxta qaşıqla və ya spatulayla yaxşıca qarışdırın. Əgər unu az olarsa qalan unu da əlavə edib otaq temperaturunda 10 dəqiqə saxlayın. Daha sonra xəmiri bir neçə hissələrə bölün. Korjların qədəri istəkdən asılı olaraq 5-6 ədəd hazırlaya bilərsiniz. Yağlı kağız arasında və ya unlanmış dəzgah üzərində qalınlığı 0,3 sm diametri 16-18 sm olan korjlar yayın. Korjları çəngəllə deşin və əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 3-5 dəqiqə qızılırəng olanadək bişirin. Bişən korjları sobadan çıxaran kimi kənarlarını səliqəyə salın.

Kokoslu kremi hazırlamaq üçün jelatini ilıq suda həll edib kənarda saxlayın. Kokos südü və ağ şokoladı ocaqda şokolad əriyənədək qarışdırın. Üzərinə isladılmış jelatini də əlavə edib yaxşıca qarışdırın. Qarışığı 1 saatlıq soyuducuya yerləşdirin. Daha sonra mikserlə çırpın və üzərinə krem pendir əlavə edib çırpmağa davam edin. Zövqə görə kremə kokos da əlavə edə bilərsiniz. Kremi konditer torbasına tökün. Korjların ara qatlarına kremdən sıxaraq üst-üstə düzün. Tortu giləmeyvələrlə bəzəyib süfrəyə verə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.