Dadı və Görünüşü Heyran Edəcək Limon Formalı Peçenye

Yields: 1 Serving

Çayın yanına görünüşü və dadı gözəl olan qozlu-xurmalı limon şirniyyatı hazırlaya bilərsiniz. Evdar.az limon formasında dadlı peçenyenin reseptini təqdim edir.

Tərkibi:

  • 100 qr kərə yağı
  • 100 qr şəkər kirşanı
  • 2 ədəd yumurta sarısı
  • 2 xörək qaşığı qatıq
  • 1 paçka vanil
  • 1 çimdik duz
  • 1 ədəd limonun qabığı
  • yarım limonun suyu
  • 100 qr süd
  • 4 stəkan un
  • 1 paçka qabartma tozu

İçlik üçün:

  • 600 qr xurma
  • 1 stəkan qoz ləpəsi

Bulamaq üçün:

  • 1 stəkan süd
  • sarı qida boyası
  • şəkər tozu

Hazırlanma qaydası:

İçliyi hazırlamaq üçün xurmanın tumunu çıxarıb əvəzinə qoz ləpəsi yerləşdirin. Bu qaydayla bütün xurmaları qoz ləpəsiylə doldurun.
Xəmiri hazırlamaq üçün bir qabda otaq temperaturunda yumşaldılmış kərə yağı, şəkər kirşanı və vanili yaxşıca qarışdırın. Üzərinə yumurta sarısı, qatıq, süd,limon suyu və limonun sürtgəcdən keçirilmiş qabığı əlavə edib qarışdırın. Başqa bir qabda un, duz və qabartma tozunu qarışdırın. Quru qarışığı yağlı kütlənin üzərinə əlavə edib xəmir yoğurun. Xəmiri qaba qoyub yarım saatlıq soyuducuya yerləşdirin. Soyuducudan çıxarıb xəmiri 2 hissəyə bölün. Az unlanmış dəzgahın üzərində oxlovla orta qalınlıqda yayın. Yaydığınız xəmirdən stəkanın ağız hissəsiylə dairələr kəsin. Kəsdiyiniz dairələrin içərisinə qoz ləpəsiylə doldurulmuş xurmaları yerləşdirin. Xəmiri büküb limon forması verin. Bütün dairələri büküb yağlı kağız sərilmiş soba sinisinə yerləşdirin. Əvvəlcədən 150 dərəcə qızdırılmış sobada bişirin. Bişirdikdə peçenyelərin üzü qızarmamalıdır.
Peçenyeləri bulamaq üçün bir stəkan südə sarı rəng qida boyası əlavə edib qarışdırın. Bişən peçenyeləri soyudun və ilk öncə sarı rəngli südə, daha sonra şəkər tozuna bulayın kağız salfetin üzərinə düzün. Bu qaydayla bütün peçenyeləri bulayıb kağız salfetin üzərində qurudun.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir