Dadına Doyum Olmayan Fıstıqlı “Şöbiyyət” Paxlavası

Yields: 1 Serving

Bilirsiniz ki, ənənəvi türk mətbəxinə xas olan ən özəl desertlər üzərinə şərbət tökülərək hazırlanan un məmulatlarıdır. Bu ləzzətlərdən biri də “Şöbiyyət” paxlavasıdır. Fransızca səslənsə də, əslində ərəbcə “çox doldurulmuş” mənasını verən “shabi’a” sözündəndir.  Adı ərəbcədən gələn “Şöbiyyət” adına uyğun bir desert növüdür.  Həqiqətən də Şöbiyyət paxlavasını yeməyə başlayanda dayandırmaq istəməyəcəyiniz, doysanız belə yeməkdən çəkinə bilməyəcəyiniz bir desertdir, sözün mənasına haqq qazandırır. Şöbiyyət klassik paxlavadan daha qısa müddətdə bişirilir və 13 qat yuxadan ibarət bir desertdir. Tərkibində fıstıq və bol qaymaq ​​olduğu üçün  yeməkdən sonra toxluq hissi yaradır. Şöbiyyətin 1 porsiyası 322 kaloridir. Evdar.az dadına doyum olmayan fıstıqlı “Şöbiyyət” paxlavasının reseptini təqdim edir.

Dadına Doyum Olmayan Fıstıqlı “Şöbiyyət” Paxlavasının tərkibi:

  • 40 ədəd hazır paxlava yuxası
  • 5 stəkan süd
  • 1,5 stəkan manna yarması (irmik)
  • 4 xörək qaşığı şəkər tozu
  • 100 qr Antep fıstığı tozu
  • 300 qr kərə yağı

Şərbəti üçün:

  • 5 stəkan su
  • 5 stəkan şəkər tozu
  • yarım ədəd limon suyu

Üzəri üçün:

  • 4 xörək qaşığı antep fıstığı tozu

Dadına Doyum Olmayan Fıstıqlı “Şöbiyyət” Paxlavasının hazırlanma qaydası:

Kremini hazırlamaq üçün bir qabda süd, manna yarması və şəkər tozunu töküb ocağa qoyub bişirin. Bişib qatılaşdıqda ocaqdan götürün. Üzərinə xırda doğranmış Antep fıstığını töküb qarışdırın.

Şərbəti hazırlamaq üçün başqa bir qazanda şəkər tozu və suyu azca qaynadın. Üzərinə limon suyunu əlavə edib kənara qoyun.

Kərə yağını əridin və qaşıqla çıxan ağ südü (torta) götürün.

Hazır paxlava yuxasını 20-20 ayırın. Yuxaları dəzgahın üzərinə qat-qat düzüb yağlayın, ayırdığınız iki xəmir üçün bunu təkrarlayın. Üst-üstə düzüb yağladığınız yuxaları dördkünc formasında kəsin. Hər dördkünc kəsilən xəmirin orta hissəsinə irmikli kremdən 1 qaşıq əlavə edin. Üzərinə xırda doğranmış Antep fıstığı səpib üçbucaq formasında bükün. Elə bükün ki, birsinin ucu digərinin ucuna toxunsun. Bu qaydayla qalan xəmirləri də  hazırlayın və əvvəlcədən 190 dərəcə qızdırılmış sobada qızılı rəng alana qədər bişirin. Sobadan çıxarıb üzərinə soyuq şərbəti töküb 5-10 dəqiqə kənarda saxlayın. Üzərinə antep fıstığı tozunu səpib süfrəyə verə bilərsiniz.

Qeyd:

Paxlava xəmirini özünüz hazırlayırsınızsa, diqqətli olun ki, xəmiri mümkün qədər nazik yayın və xəmiri yaydıqda dəzgahın üzərinə ancaq nişasta səpin. Un əlavə etsəniz, xəmir və un birləşərək bərk xəmir əmələ gəlməyə başlayacaq.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir