Dağıstan Mətbəxinin İki İçlikli Dadlı Botlix Piroqu

Dagıstan Metbexinin İki İclikli Dadlı Botlix Piroqu
Yields: 1 Serving

İki içlikli Botlix piroqu – Dağıstan mətbəxinin məşhur şirniyyatıdır. Piroq təkcə dadlı deyil, həm də kəsildikdə belə çox gözəldir. Bu ləziz şirniyyatı bayram süfrəsində təqdim edərək qonaqlarınızı təəccübləndirə bilərsiniz.  Evdar.az Dağıstan mətbəxinin iki içlikli dadlı Botlix piroqunun reseptini təqdim edir.

Dağıstan Mətbəxinin İki İçlikli Dadlı Botlix Piroqunun tərkibi:

Xəmiri üçün:

  • 1 ədəd yumurta
  • 100 qr şəkər tozu
  • 120 qr xama
  • 150 ml kefir
  • 1 çay qaşığı soda
  • 100 qr əridilmiş kərə yağı
  • 500 qr un
  • 2 xörək qaşığı bitki yağı

1-ci içlik üçün:

  • 200 qr qoz ləpəsi
  • 50 qr.şəkər tozu

2-ci içlik üçün:

  • 200 qr ərik qurusu
  • 50 qr şəkər tozu

Üzəri üçun:

  • 1 ədəd  yumurtanın sarısı
  • 1 xörək qaşığı bitki yağı

Dağıstan Mətbəxinin İki İçlikli Dadlı Botlix Piroqunun hazırlanma qaydası:

Xəmiri hazırlamaq üçün ilk öncə yumurtayla şəkər tozunu mikserlə çırpın. Üzərinə xama, kefir və soda qarışığını əlavə edib çırpmağa davam edin. Əridilmiş kərə yağını da əlavə edib çırpın. Ələnmiş unu da əlavə edib qarışdırın. Bitki yağını da əlavə edib ələ yapışmayan yumşaq xəmir yoğurun. Xəmiri streç salafana büküb 1 saatlıq soyuducuya yerləşdirin.

1-ci içliyi hazırlamaq üçün qoz ləpəsini blenderlə xırdalayıb üzərinə şəkər tozu töküb qarışdırın. Bu içlikdən piroqun üzəri üçün 2-3 xörək qaşığı götürüb kənara ayırın.

2-ci içliyi hazırlamaq üçün ərik qurusunu 10 dəqiqə qaynar suda isladın. Yumşalmış ərik qurularının suyunu süzüb blenderin qabına töküb üzərinə şəkər tozu əlavə edin. Blenderlə pürə halına gələnə qədər yaxşıca əzin. Əgər çox quru olarsa 1-2 qaşıq su əlavə edə bilərsiniz.

Xəmiri soyuducudan götürüb 3 hissəyə bölün. Diametri 22-24 sm olan qəlibin içərisinə yağlı kağız sərin. Azca unlanmış dəzgahın üzərində kündələri 5-6 mm qalınlığında yayın. Yaydığınız ilk xəmiri qəlibin içərisinə yerləşdirib kənarlarını azca qaldıraraq forma verin. Qozlu içliyi xəmirin üzərinə səpib yayın. İkinci xəmiri də yerləşdirib üzərinə püreli içliyi yayın. Üçüncü xəmiri də yerləşdirib kənarlarını səliqəyə salın.Çəngəllə bir neçə yerdən deşdəkləyin. Üzəri üçün yumurta sarısı və bitki yağını qarışdırıb xəmirin üzərinə yaxın. Kənara ayırdığınız qozlu içliyi də səpib əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 30 dəqiqə bişirin.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir