Darçınlı Yeni İl Peçenyeləri

Yeni il peçenyesi
Yields: 1 Serving

Hər kəs bayram süfrəsini hər zamankindən fərqli və daha bəzəkli görmək istəyir. Bunun üçün müxtəlif şiniyyatlar hazırlayır. Ancaq bu hazırlığı uşaqlarla birgə etmək həm onlar üçün də əyləncəli olacaq. Darçınlı peçenyelərini hazırlayıb üzərini müxtəlif formada bəzəyə bilərsiniz. Evdar.az darçınlı yeni il peçenyelərinin hazırlanma qaydasını təqdim edir.

Tərkibi:

  • 200 qr bal
  • 1 ədəd yumurta
  • 500 qr un
  • 100 qr şəkər tozu
  • 130 qr kərə yağı
  • 1 xörək qaşığı kakao
  • 1 paket qabartma tozu (10 qr)
  • 1 çay qaşığı zəncəfil tozu
  • yarım çay qaşığı darçın tozu
  • yarım çay qaşığı muskat qozu

Qlazur üçün:

  • 1 ədəd yumurta ağı
  • 250 qr şəkər kirşanı
  • 1 çay qaşığı limon suyu
  • qida boyaları

Hazırlanma qaydası:

Bir qazana bal, şəkər tozu və ədviyyatları tökün.

Qazanı ocağın üstünə qoyub arabir qarışdırın. Bir neçə dəqiqə sonra kütlə köpüklənəcək.

Ocaqdan götürüb başqa bir qaba boşaldın. Üzərinə kərə yağı əlavə edib yaxşıca qarışdırın. Daha sonra yumurta töküb taxta qaşıqla qarışdırın. Üzərinə un töküb xəmir yoğurun.

Xəmiri streç salafana büküb 1,5-2 saatlıq soyuducuya yerləşdirin.

Soyuducudan çıxardığınız xəmiri dəzgahda oxlovla 4-5 mm qalınlığında yayın. Xəmirdən fiqurlarla peçenyelər kəsin. Peçenyeləri yağlı kağız sərilmiş soba sinisinə aralıqlarla düzün və 180 dərəcə qızdırılmış sobada 7-12 dəqiqə bişirin. Bişən peçenyeləri sinidən çıxarıb soyudun.

Qlazur üçün yumurta ağını tel çırpıcıyla 2-3 dəqiqə köpüklənənədək çırpın.

Üzərinə ələnmiş şəkər kirşanını tədricən əlavə edib yaxşıca qarışdırın.

Kütləni bir neçə qablara ayırıb üzərinə limon suyu və istifadə edəcəyiniz qida boyasını töküb qarışdırın.

Konditer torbasını uzun stəkanın içərisinə keçirin və qlazuru tökün. Eyni şəkildə istədiyiniz rəngə boyadığınız qlazurları konditer torbasına doldurub uc hissəsini kəsin. Kontur hissəsi üçün ayırdığınız kütləyə qatı olması üçün bir az şəkər kirşanı əlavə edib qarışdırın.

Şəkildə gördüyünüz formada əlinizi tutub sıxaraq peçenyeləri bəzəyin.

Kontur hissəsini çəkib quruması üçün yarım saatlıq kənara qoyun.

Rəngli qlazuru çəkərək diş çöpünün köməyi ilə səliqəyə salın.

Rəngli qlazurun üzərində əlavələr etmək üçün alt qatın qurumasını gözləyin.

Bəzədilmiş peçenyeləri 2-3 saatlıq quruması üçün kənara qoyun.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.