Ev Şəraitində Sobada Təndir Çörəyi

Yields: 1 Serving

Çörək Azərbaycanlıların gündəlik qida rasionunda xüsusi yerə malik olan ən müqəddəs nemətdir. İsti təndir çörəyini kiçikdən böyüyə qədər hər kəs sevir. Təndir olmadanda da sobada təndir çörəyi bişirəcəyinizi bilirsinizmi? Evdar.az ev şəraitində sobada təndir çörəyinin hazırlanma qaydasını təqdim edir.

Tərkibi:

  • 100 ml su
  • 1 çay qaşığı maya
  • 0,5 çay qaşığı şəkər tozu
  • 4 stəkan un
  • 250 ml su
  • 1 çay qaşığı duz
  • 1 xörək qaşığı bitki yağı

Üzəri üçün:

  • 1 ədəd yumurta
  • zövqə görə küncüt

Hazırlanma qaydası:

İlk öncə yarım stəkan ilıq suyun içərisinə 5 qr maya və yarım çay qaşığı şəkər tozu əlavə edib qarışdırın. Üzərini örtüb 10 dəqiqə kənarda saxlayın. 500 qr ələnmiş unun üzərinə duz əlavə edib qarışdırın. Unun orta hissəsinə maya qarışığı, 1 xörək qaşığı bitki yağı və apardığı qədər(250 ml) su əlavə edib yoğurun. Xəmir nisbətən duru və yapışqan olmalıdır. Təndir çörəyinin xəmiri adi çörəy xəmiri kimi olmalı deyil. Xəmiri yoğurduğunuz qaba yerləşdirib üzərini streç salafanla örtün. Xəmirin mayalanması üçün 1 saat kənarda saxlayın. Mayalanan xəmiri iki hissəyə bölüb kündələyin. Kündələrin üzərini örtüb 10 dəqiqə gözlədin. Soba sinisini isidib tərs üzünü çevirin. Kündənin alt hissəsini isladıb isti siniyə yapışdırın. Əlinizi ara-sıra suya batıraraq çörəyə forma verin. Xəmirin orta hissəsinə barmaqlarınızla basaraq nazikləşdirin və çəngəllə çoxlu dəliklər açın. Eyni qaydayla ikinci kündəni də hazırlayın. Çörəklərin üzərinə çırpılmış yumurta yaxıb küncüt səpin. Çörəyi əvvəlcədən 180 dərəcə qızdırılmış sobada düz şəkildə 5 dəqiqə bişirin. Daha sonra sinini çevirib çörək yaxşı qızaranadək bişirin. İsti çörəyi süfrəyə verə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.