Ən xoş günlərinizdə qonaqlarınızı heyrətləndirmək üçün bu heyrətamiz, qeyri-adi və çox gözəl görünüşlü peçenyeni bişirə bilərsiniz. Evdar.az Lotos çiçəyi görünüşlü peçenyenin reseptini təqdim edir.
Tərkibi:
Çəhrayı rəngli xəmir üçün:
- 250 qr un
- 40 qr kərə yağı
- 130 ml albalı şirəsi
- 5 qr vanil
Ağ rəngli xəmir üçün:
- 200 qr un
- 100 qr kərə yağı
İçlik üçün:
- 3 xörək qaşığı şəkər tozu
- 150 qr qoz
- 1 ədəd yumurta ağı
Hazırlanma qaydası:
Ağ rəngli xəmir üçün 200 qr un və 100 qr kərə yağını qarışdırıb xəmir yoğurun.
Çəhrayı rəngli xəmir üçün dondurulmuş, təxminən 250 qr albalının şirəsini sıxın ( təbii və faydalı boyaq maddəsi). Bir qaba unu ələyib zövqə görə vanil töküb qarışdırın. Kərə yağı, şəkər tozu və albalı şirəsini əlavə edib xəmir yoğurun. Ağ rəngli və çəhrayı rəngli xəmirləri streç salafana bükün və 20-25 dəqiqəlik kənara qoyun. Ağ və rəngli xəmirlərdən kiçik kündələr yuvarlayın. Çəhrayı kündəni oxlovla dairəvi yayın və ağ rəngli kündəni yayılmış rəngli kündənin orta hissəsinə qoyub bükün. Bu şəkildə bütün kündələri birləşdirərək büküb yuvarlayın. Yuvarlaq kündələri oxlovla oval şəkildə yayın rulet formasında bükün. Ruletlərin üzərinə streç salafan keçirib dincəlməsi üçün 20 dəqiqəlik kənarda saxlayın. Blenderdə qozu xırdalayın, üzərinə şəkər tozu töküb qarışdırın. Yumurta ağı əlavə edib kütləni ehtiyyatla qarışdırın. Vaxt tamam olduqda rulet formasında kündələrin ikisini yayın və üst-üstə qoyun. Yayılmış kündənin orta hissəsinə içlik qoyun və bükün. Yuvarlayaraq oval forması verib kündəni çevirin. Xəmirin üstündən bütün təbəqələri kəsərək xaçşəkilli kəsin. Peçenyeleri yağlı kağız sərilmiş soba sinisinə düzün və əvvəlcədən 170 dərəcə qızdırılmış sobada 30 dəqiqə bişirin. Peçenyeləri soyudun və süfrəyə verin.
Qeyd: Təbii rənglərdən istifadə etdikdə peçenye bişdikdə rəng solur, sönük olur. Rəng çalarlarını müxtəlif boyalardan istifadə edərək dəyişmək olar.
Nuş Olsun!