
Keks ya çizkeyk hazırlamaq istəyirsiniz, ancaq seçim edə bilmirsiniz? Zərif kəsmikli şokoladlı keks-çizkeyk bir fincan çay və ya qəhvəyə xoş bir əlavə olacaqdır. Evdar.az asan hazırlanan şokoladlı keks-çizkeykin reseptini təqdim edir.
Tərkibi:
Şokoladlı keks üçün:
- 240 qr un
- 120 qr xama
- 3 ədəd yumurta
- 90 qr tünd şokolad
- 150 qr şəkər tozu
- 90 qr kərə yağı
- 45 qr kakao
- 1, 5 çay qaşığı qabartma tozu
Kəsmikli hissə üçün:
- 160-200 qr kəsmikli pendir
- 1 ədəd yumurta
- 30 qr un
- 60 qr şəkər tozu
Qlazur üçün:
- 30 qr tünd şokolad
- 30 qr kərə yağı
Hazırlanma qaydası:
Şokoladlı xəmiri hazırlamaq üçün şokoladı kərə yağıyla əridin. Üzərin şəkər tozu əlavə edib qarışdırın. Alınan qarışığı mikserin qabına tökün. Xamanı və yumurtları bir-bir əlavə edib mikserlə yaxşıca çırpın. Başqa bir qabda un, kakao və qabartma tozunu qarışdırıb kütləyə hissə-hiss əlavə edib qarışdırın.
Kəsmikli hissəni hazırlamaq üçün kəsmikli pendiri şəkər tozuyla mikserlə qarışdırın. Üzərinə yumurta və unu əlavə edib qarışdırın. Diametri 20-22 sm mərkəzi boş olan qəlibə şokoladlı xəmirin yarısını töküb yayın. Üzərindən kəsmikli kütləni də yayın. Qalan şokoladlı xəmiri də üzərindən yayıb əvvəlcdən 180 dərəcə qızdırılmış sobada 35-40 dəqiqə bişirin. Hazır keks-çizkeyki qəlibdən çıxarıb soyudun.
Qlazuru hazırlamaq üçün bir qabda şokolad və kərə yağını su hamamında və ya mikrodalğalı sobada əridib qarışdırın. Soyuyan keksin üzərindən qlazuru tökün.
Nuş Olsun!