İnanılmaz Dərəcədə Zərif, Xurmalı və Qozlu “Aypara” Peçenyesi

Yields: 1 Serving

Xurma və qoz ilə zərif, ağızda dağılan, dadlı və tez hazırlanan “Aypara” peçenyeləri axşam ailəvi çay süfrəsini mükəmməl şəkildə tamamlayacaq. Evdar.az xurmalı və qozlu ləziz “Aypara” peçenyesinin reseptini təqdim edir.

Xurmalı və Qozlu “Aypara” Peçenyesinin tərkibi:

Xəmiri üçün:

  • 100 qr kərə yağı
  • 200 qr un
  • 20 qr şəkər tozu
  • 50 ml soyuq su

İçlik üçün:

  • 200 qr qoz ləpəsi
  • 100 qr xurma
  • yarım çay qaşığı darçın tozu

Xurmalı və Qozlu “Aypara” Peçenyesinin hazırlanma qaydası:

Xəmiri hazırlamaq üçün dərin bir qabda un və şəkər tozunu qarışdırın. Üzərinə yumşaldılmış kərə yağı əlavə edib əllə umac halına gələnə qədər ovun. Soyuq suyu da əlavə edib xəmir yoğurun. Xəmiri streç salafana büküb 30 dəqiqəlik soyuducuya yerləşdirin.

İçliyi hazırlamaq üçün xurmanın tumunu çıxarıb kasaya qoyun və üzərinə qaynar su töküb 10 dəqiqə kənarda gözlədin. Daha sonra suyunu süzüb kağız salfetin arasında qurulayın. Blenderin qabına yumşaltdığınız xurma, qoz ləpəsi və darçın tozu əlavə edib yaxşıca xırdalayın.

Xəmiri soyuducudan götürüb 20-24 ədəd bərabər hissələrə bölün. Kündələri oxlovla nazik dairələr formasında yayın. Yaydığınız kündənin kənar hissəsinə içlikdən qoyub rulet formasında bükün. Daha sonra kənarlarını bükərək aypara şəkli verin. Bu qaydayla içliyi qalan kündələrə bölüşdürüb bükün. Yağlı kağız sərilmiş soba sinisinə peçenyeləri düzün. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 15-20 dəqiqə yüngül qızarana qədər bişirin. Hazır peçenyelərin üzərinə şəkər kirşanı səpib süfrəyə verə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir