İnanılmaz Dadlı Moruqlu Rulet

Yields: 1 Serving

Qonaq süfrəsi üçün görünüşü göz oxşayan dadlı rulet hazırlaya bilərsiniz. Evdar.az moruqlu içliklə və kəsmikli-qaymaqlı kremlə zərif biskvit ruletinin reseptini təqdim edir.

Tərkibi:

Biskvit üçün:

  • 5 ədəd yumurta
  • 130 qr un
  • 120 qr şəkər tozu
  • 8 qr vanil

Biskviti islatmaq üçün:

  • 70 qr şəkər tozu
  • 70 ml su

Qaymaqlı krem üçün:

  • 200 ml 30% yağlılığı qaymaq
  • 200 qr kəsmik
  • 180 qr şəkər tozu

Moruqlu cem üçün:

  • 500 qr moruq
  • 130 qr şəkər tozu
  • 2 xörək qaşığı nişasta

Hazırlanma qaydası:

Biskviti hazırlamaq üçün otaq temperaturunda olan 5 ədəd yumurtanın sarısını ağından ayırın. Bir qabda yumurta ağını 120 qr şəkər tozuyla mikserlə yaxşıca çırpın. Üzərinə 8 qr vanil əlavə edib çırpmağa davam edin. Çırpılmış yumurta ağına yumurta sarılarını da bir-bir əlavə edib çırpın. Üzərinə 130 qr ələnmiş unu 3 dəfəyə əlavə edib taxta qaşıqla və ya spatulayla ehtiyyatla qarışdırın. Hazır biskvit xəmirini yağlı kağız sərilmiş soba sinisinə yayın. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada təxminən 20 dəqiqə bişirin. Bişən biskviti sobadan götürən kimi mətbəx dəsmalına qoyub yağlı kağızı çıxarın. Daha sonra isti-isti dəsmala rulet formasında büküb soyuması üçün kənara qoyun.

Siropu hazırlamaq üçün balaca qazanda 70 ml su və 70 qr şəkər tozunu qarışdırıb ocağa qoyun. Qaynamağa başladıqda 1 dəqiqə qaynadıb ocaqdan götürün.

Moruqlu cemi hazırlamaq üçün dərin bir qazanda 500 qr moruğun üzərinə 130 qr şəkər tozu və 2 xörək qaşığı nişastanı töküb ocağa qoyun. Zəif ocaqda qarışdıraraq, qaşıqla moruqları əzərək bişirin. Moruq əvəzinə istədiyiniz giləmeyvəni istifadə edə bilərsiniz. Bişən cemin tumlarını süzmək üçün isti halda ələkdən keçirin.

Qaymaqlı kremi hazırlamaq üçün bir qabda 200 qr kəsmiyi 180 qr şəkər tozuyla blenderlə eynikütləli olanadək əzin. Kəsmikli kütləni ələkdən keçirin. Mikserin qabında 200 ml soyuq qaymağı mikserin aşağı sürətiylə tədricən artıraraq çırpın. Üzərinə kəsmikli kütləni də əlavə edib qarışdırın. Biskviti siropla isladıb üzərinə moruqlu cemi hər tərəfinə yaxın. Qaymaqlı-kəsmikli kremi də yaxıb biskviti rulet formasında bükün. Streç salafana ruleti büküb 4 saatlıq soyuducuya yerləşdirin. Rulet üzərini zövqə görə moruqlarla və ya qalan kremlə bəzəyə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.