
Qrildə bişən ət yeməklərinin yanına inanılmaz dadlı və ətirli “qarmoşka” çörəklər hazırlaya bilərsiniz. Bu dadlı çörəyi əlinizlə qopararaq yeyə bilərsiniz. Evdar.az ətirli çörəyin reseptini təqdim edir.
Tərkibi:
- 275 qr un
- 100 ml süd
- 2 qr duz
- 10 qr şəkər tozu
- 8 qr maya
- 1 ədəd yumurta
- 50 qr kərə yağı
- 70 qr pesto sousu
Hazırlanma qaydası:
Unu bir qaba ələyib, üzərinə maya əlavə edib qarışdırın. Şəkər tozu, yumurta, süd, əridilmiş kərə yağı və duzu əlavə edib yumşaq xəmir yoğurun. Qabın üzərinə streç salafan örtüb isti yerdə 1 saatlıq mayalanmağa qoyun. Mayalanan xəmiri dəzgahın üzərinə 5 mm qalınlığında düzbucaqlı formada yayın. Daha sonra pizza bıçağıyla 4 düz zolaqlar kəsin. Zolaqlara pesto sousu yaxın (və ya digər içlik ). Zolaqları bir-birinin üstünə qoyub bərabər hissələrə kəsin. Alınan hissələri bir-birinin üstünə qoyub qəlibə yerləşdirin. Üzərini salfetlə örtüb 45 dəqiqəlik isti yerdə saxlayın. Əvvəlcədən 190 dərəcə qızdırılmış sobada 30-35 dəqiqə bişirin.
Nuş Olsun!