İtburnu mürəbbəsi İsmayıllı rayonunun çay boyunca yerləşən meşələrində yabanı halda bitən itburnu kolunun çiçəkləri ilə hazırlanır. Çayın yanında desert kimi, eləcə də ürək-damar xəstəliklərinin müalicəsinə kömək məqsədiylə bu mürəbbədən faydalana bilərsiniz. Evdar.az itburnu çiçəyi mürəbbəsinin reseptini təqdim edir.
İtburnu Çiçəyi Mürəbbəsinin tərkibi:
Bişməyən mürəbbə üçün:
- 500 qr itburnu çiçəyi
- 2 kq şəkər tozu
Bişməyən İtburnu Çiçəyi Mürəbbəsinin hazırlanma qaydası:
İlk öncə təmizlənmiş ləçəkləri yuyub süzün. Daha sonra dəsmalın üzərində yaxşıca qurudun. Dərin bir qaba yaxşıca quruyan itburnu çiçəyini yarısını töküb üzərinə şəkər tozunun yarısını əlavə edib əlinizlə ovun. Ovduğunuz ləçəyi strelizə edilmiş balona doldurun. Daha sonra qalan şəkər tozunu və ləçəyi də töküb ovun. Bütün ovulmuş çiçəkləri balona doldurun. Ən sonda balona 1-2 qaşıq şəkər tozu töküb qapaqla örtün. Balonu isti günəş altında saxlayın. Təxminən qırx gün isti günəş altında qalan mürəbbə istidə mayalanacaq. Günəşdə mayalanandan sonra məhsul istehlaka hazırdır.
Bişən mürəbbə üçün:
- 1 kq şəkər tozu
- 200 qr itburnu çiçəyi
- 2 stəkan su
- 2 qr limon duzu
Bişən mürəbbənin hazırlanma qaydası:
İlk öncə təmizlənmiş ləçəkləri yuyub süzün. Şərbəti hazırlamaq üçün bir qaba şəkər tozu və su töküb qaynadın. Qaynayan şərbətə ləşəkləri əlavə edin. Limon duzunu da əlavə edib 10 dəqiqə bişirin. Bişən mürəbbəni bankalara doldurub 2 həftə dəmlənməsi üçün sərin yerdə saxlayın. Və ya qış üçün saxlaya bilərsiniz.
İtbrunu çiçəyi mürəbbəsinin faydaları:
– Qaraciyəri və mədə-bağırsaq sistemini infeksiyalardan təmizləyir;
– Həzmi yaxşılaşdırır;
– Diş və diş ətini möhkəmləndirir;
– Ürəyin ritmini normallaşdırır;
– Ürək-damar xəstəliklərinin müalicəsinə kömək edir.