Swiss roll – İsveçrə ruleti məşhur ingilis desertidir. İsveçrə ruleti ənənəvi çay süfrələrində və ya bir şirniyyat olaraq çox populyardır. Evdar.az hazırlanması çox vaxt aparmayan bu dadlı ruletin reseptini təqdim edir.
İsveç Ruletin tərkibi:
- 5 ədəd yumurta sarısı
- 1 qr duz
- 50 qr şəkər tozu
- 90 qr un
- 2 qr qabartma tozu
- 50 qr bitki yağı
- 50 qr süd
- 5 ədəd yumurta ağı
- 70 qr şəkər tozu
İsveç Ruletin hazırlanma qaydası:
İlk öncə yumurtanın sarısını ağından ayırın. Bir qabda yumurta sarısının üzərinə 1 qr duz səpib mikserlə yaxşıca çırpın. Çırpdıqdan sonra üzərinə 50 qr şəkər tozu töküb çırpmağa davam edin.
Başqa bir qabda yumurta ağını yaxşıca mikserlə çırpın. Üzərinə 70 qr şəkər tozunu hissə-hissə əlavə edib beze olana qədər çırpın. Çırpılmış yumurta ağı və sarısı kütləsini ehtiyyatla silikon qaşıqla qarışdıraraq birləşdirin. Üzərinə 90 qr ələnmiş un və qabartma tozunu da əlavə edib ehtiyyatla qarışdırın.
Bir qabda bitki yağı və südü qarışdırın. Xəmirdən bir hissə götürüb südlü yağlı qarışığa əlavə edib qarışdırın. Daha sonra qarışığı xəmirə əlavə edib yaxşıca qarışdırın. Soba sinisinə yağlı kağız sərib yağlayın. Xəmiri qəlibə yayıb üzərini hamarlayın. Əvvəlcədən 170 dərəcə qızdırılmış sobada 30 dəqiqə bişirin.
Ruleti sobadan götürüb qəlibdən çıxarıb dəmir torun üzərinə yerləşdirin. Biskvitin üzərinə yağlı kağız sərib dəzgahın üstünə tərs çevirin. Yağlı kağızdan biskviti tez və ehtiyyatla ayırıb üzərinə yağlı kağızı sərin və soyuması üçün kənarda saxlayın.
Soyuyan biskvitin kənarlarını bir bıçaq köməyilə kəsin. Şəkildə gördüyünüz kimi, ruletin qısa bir kənarını çarpaz olaraq kəssəniz, ruleti bükdükdə daha zərif bir görünüş əldə edəcəksiniz.
Digər vacib bir qeyd də odur ki, bıçaqla biskvitin digər tərəfinə 3 kəsik atın. Cizgini hazırlayarkən dərin atmayın ! Bu ruleti bükdükdə qırılmadan bükülməsi üçündür.
Daha sonra biskvitin üzərinə cem və ya bal yaxın (zövqə görə). Bıçaq köməyi ilə hər tərəfinə yayın.
Ruleti 3 cizgi atdığınız hissə tərəfdən ehtiyyatla bükün. Yağlı kağız köməyi ilə itələyərək yavaşca rulet formasında bükün. Bir taxtanın köməyi ilə ruletin formasını möhkəmlədin. Belə bir taxtanız yoxdursa, bir xətkeşdən də istifadə edə bilərsiniz.Yağlı kağızı ruletin üzərinə büküb yapışqan bantla kağızı yapışdırın.
Deserti 1 saatlıq soyuducuya yerləşdirin. Daha sonra soyuducudan çıxarıb yağlı kağızı çıxarın. Dilimləyib süfrəyə verə bilərsiniz.
Nuş Olsun!