Ləzzətli Üzüm Salxımı Piroqu

Yields: 1 Serving

Həm görüntüsüylə, həm də dadıyla qonaqlarınızı təəccübləndirəcək piroq hazırlaya bilərsiniz. Üzüm şəkilli piroqun gilələrini müxtəlif içliklərlə dolduraraq hər qonağı fərqli içliklə sevindirə bilərsiniz. İçlik olaraq kəsmik, giləmeyvə, cem və s. istifadə edə bilərsiniz. Evdar.az marmelad, qoz, ərik qurusu və gavalı qurusu ilə doldurulmuş üzüm şəkilli piroq reseptini təqdim edir.

Tərkibi:

  • 230 ml süd
  • 1 ədəd yumurta
  • 11 qr toz maya
  • 50 qr şəkər tozu
  • 1/3 çay qaşığı duz
  • 500 qr un
  • 200 qr kərə yağı

İçlik üçün:

  • 30 qr qara gavalı qurusu
  • 30 qr ərik qurusu
  • 15 qr qoz
  • 5 ədəd marmelad

Hazırlanma qaydası:

İlk öncə kərə yağını mikrodalğalı sobada əridib otaq temperaturunda soyudun. İlıq südün üzərinə mayanı töküb 10 dəqiqəlik kənarda saxlayın. Üzərinə yumurta, duz, əridilmiş kərə yağı, şəkər tozu töküb qarışdırın. Ələnmiş un səpərək yumşaq xəmir yoğurun. Xəmiri streç salafana büküb  bir gecəlik soyuducuya yerləşdirin. Xəmiri soyuducudan çıxarıb yarım saat kənarda saxlayın. Quru meyvələrin üzərinə qaynar su töküb yumşalması üçün 20 dəqiqə kənarda saxlayın. Sudan çıxardığınız quru meyvələrin suyunu kağız dəsmalla çəkib içlərini qoz ləpəsiylə doldurun. Xəmiri təxminən 5 mm qalınlığında yayın. Stəkanın ağız hissəsiylə və ya xüsusi qəliblərlə xəmirdən dairələr kəsin. Hər dairənin orta hissəsinə qozla doldurulmuş qara gavalı, qozla doldurulmuş ərik qurusu və marmelad yerləşdirin. Kənarlarından birləşdirərək kürə şəkli verin. Yağlanmış soba sinisinə kürə şəkilli xəmirləri üzüm giləsi şəklində düzün. Qalan xəmirdən üzümün yarpağı və saplağı şəklini verərək dekor edin. Üzərinə süd və ya çalınmış yumurta yaxın. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada üzəri qızılı rəng olanadək bişirin. Bişən üzüm şəkilli piroqu soyuduqdan sonra süfrəyə verin.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir