Dovğa milli mətbəximizin ləziz içkisi və yeməyidir. Hər bölgədə fərqli üsullarla bişirilir. Lənkəran mətbəxində də dovğanın müəyyən fərqləri var. Talış dovğasına Ayran aşı ( ev şəraitində nehrə hazırlayanda nehrədən yağ yığıldıqdan sonra ayrılan suyundan, yəni ayranından hazırlandığı üçün ) və ya qatıq dovğası deyilir. Talış dovğasına kartof və göyərtilərdən unluca, yolotu (qırxbuğum), bulaqotu və pencər əlavə olunur. Evdar.az Talış dovğasının reseptini təqdim edir.
Lənkəran Mətbəxinin Ayran Aşının (Talış Dovğası) tərkibi:
- ayran
- qatıq
- yumurta
- un
- düyü
- kartof
- göyərti (ispanaq, keşniş, şüyüd, nanə, kərəviz, tərxun, unluca, yolotu (qırxbuğum), bulaqotu, pencər)
- sarımsaq
Lənkəran Mətbəxinin Ayran Aşının (Talış Dovğası) hazırlanma qaydası:
Dovğaya töküləcək göyərtini (ispanaq, keşniş, şüyüd, nanə, kərəviz, tərxun, unluca, yolotu (qırxbuğum), bulaqotu və pencər) təmizləyib yuyun. Göyərtiləri xırda doğrandıqdan sonra yuyub süzün ki, dovğanın rəngi yaşıl olmasın.
Nehrə yağından ayrılan ayrana azca düyü töküb bişirin. Başqa bir qabda qatıq, un və yumurtanı tel çırpıcıyla yaxşıca qarışdırın ki, topaq qalmasın. Qaynayan düyülü ayrandan bir az yumurtalı qarışığa əlavə edib qarışdırın. Daha sonra yumurtalı qarışığı qazana əlavə edib ara vermədən qarışdırın. Qaynayan dovğaya kub formasında doğradığınız kartofu da əlavə edib bişirin. Kartof bişdikdən sonra göyərtiləri və sürtgəcdən keçirilmiş sarımsağı da əlavə edib 3-4 dəqiqə qaynadın, qazanı ocaqdan götürün. Duzu dovğaya bir qədər soyuduqdan sonra tökün. Talış dovğasını həm isti, həm də soyuq halda süfrəyə verə bilərsiniz.
Nuş Olsun!