Möcüzəvi Bir Ləzzət – Kartoflu Lazanya

Yields: 1 Serving

İtalyan mətbəxinin əfsanəvi lazanyasına tam fərqli bir əlavə edərək möcüzəvi bir ləzzət ortaya çıxara bilərsiniz. Xüsusilə bu ecazkar yemək bişdikdə sobadan yüksələn o dadlı qoxu … Bunu izah edə bilmərik, dərhal gedib bişirməlisiniz. Evdar.az kartoflu lazanya yeməyinin reseptini təqdim edir.

Kartoflu Lazanyanın tərkibi:

  • 10 ədəd kiçik kartof
  • 150-200 qr qiymə
  • 1 ədəd soğan
  • 1 ədəd yaşıl bibər
  • 1 ədəd kapya bibəri
  • 2 diş sarımsaq
  • 1 dolu çay qaşığı tomat
  • 1 stəkan pomidor püresi və ya 2 ədəd rəndələnmiş pomidor
  • yarım stəkan isti su
  • duz, istiot, qırmızı bibər tozu

Beşamel sousu üçün:

  • 1,5 xörək qaşığı kərə yağı
  • 450 ml soyuq süd
  • 2 xörək qaşığı un
  • duz, istiot və muskat qozunun rəndəsi

Üzəri üçün:

  • holland pendiri

Kartoflu Lazanyanın hazırlanma qaydası:

İlk öncə kartofun qabığını soyun və bıçaqla və ya sürtgənin dilim hissəsində çox nazik dilimləyin(kartofu çox nazik doğramağınız vacibdir!). Daha sonra kartofları soyuq duzlu suda 10-15 dəqiqə saxlayın. Soğan, bibərlər və sarımsağı kiçik kub formasında doğrayın. Tavaya zeytun yağı töküb soğanı 1 dədiqə qovurun. Üzərinə bibər və sarımsağı da əlavə edib qovurun. Daha sonra tavaya qiyməni də əlavə edib rəngi dəyişənə qədər bişirin. Tomatı da əlavə edib 1 dəqiqə qovurun. Pomidor püresi, duz, su və ədviyyatları əlavə edib qarışdırın və 5-6 dəqiqə zəif ocaqda bişirin.
Beşamel sousunu hazırlamaq üçün tavada kərə yağını əridin. Üzərinə un əlavə edib unun qoxusu çıxana qədər qovurun. Daha sonra üzərinə süd də əlavə edib dayanmadan qatılaşanadək qarışdırın. Qaynamağa başlayan sousa duz, ədviyyat əlavə edib ocaqdan götürün.
Kartofların suyunu süzün. Təmiz bir mətbəx dəsmalıyla tamamilə qurulayın. Daha sonra kartofların üzərinə duz, bitki yağı və istiot əlavə edib qarışdırın. Odadavamlı şüşə qaba nazik kartof dilimlərini boşluq qalmayacaq şəkildə düzün. Bu şəkildə 3 qat kartof düzün. Ardından beşamel sousunu hər tərəfinə yayın. Üzərindən qiyməli içliyi töküb yayın. Qiymənin üzərindən yenidən 3 qat kartof dilimi düzün. Ən sonda qalan beşamel sousunu da üzərinə töküb əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 25-30 dəqiqə bişirin. Bişən yeməyi sobadan çıxarıb üzərinə sürtgəcdən keçirilmiş pendir səpin. Yenidən sobaya yerləşdirib üzəri qızarana qədər bişirin.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir