Möhtəşəm “Qış Albalısı”Tortu

Yields: 1 Serving

“Qış albalısı”- belə sehrli adı olan gözəl tort ziyafət süfrəsində dadlı desert təqdim etmək və bütün qonaqları təəccübləndirmək istəyən evdar qadınlar üçün əsl tapıntıdır. Belə bir “soyuq” ada baxmayaraq, tort ilin istənilən vaxtında bişirilə bilər – çox dadlıdır və mütləq hər kəsi sevindirəcəkdir. Evdar.az dadlı tortun reseptini təqdim edir.

Tərkibi:

Biskiviti üçün:

  • 110 qr un
  • 200 qr şəkər tozu
  • 30 qr kakao
  • 4 ədəd yumurta
  • 1 çay qaşığı qabartma tozu
  • 1 çay qaşığı vanil

Kremi üçün:

  • 150 qr xama
  • 150 qr 35% -lik qaymaq
  • 60 qr şəkər kirşanı
  • 1 çay qaşığı vanil
  • 250-300 qr təzə və ya konservləşdirilmiş albalı

Hazırlanma qaydası:

Əvvəlcə albalıları tamamilə əridin (əgər dondurulmuşsa), artıq şirəni çıxarmaq üçün albalıları süzgəcə qoyun. Şirəni saxlayın.
Biskviti hazırlamaq üçün bir qabda yumurtaları şəkər tozu və vanillə mikserlə yaxşıca çırpın. Ayrı bir qabda unu, qabartma tozunu və kakaonu qarışdırıb yumurta qarışığına az-az əlavə edin. Kütləni bir spatula köməyi ilə ehtiyyatla qarışdırın. Soba qəlibinə yağlı kağız sərib xəmiri tökün. Qəlibin üzərinə folqa örtüb (bu, biskviti bərabər edəcək və çatlamayacaq) əvvəlcədən 175-180 dərəcə qızdırılmış sobada 35 dəqiqə bişirin. Hazır biskviti qəlibdən çıxarın və tamamilə soyudun. Biskvitin üst hissəsini təxminən 1 santimetr qalınlığında kəsin (daha sonra bu hissəylə tortu örtəcəyik). Biskvitin orta hissəsini qaşıqla çıxarın, nazik kənarı və dibini buraxın. Çıxardıqlarınızı ayrı bir qaba qoyun və bərabər xırda doğrayın.
Kremi hazırlamaq üçün bir qabda xama, qaymaq, şəkər tozu və vanili yaxşıca çırpın. Hazırladığınız kremə şirəsi süzülmüş albalı dənələri və biskvit qırıntılarının ⅓ hissəsini əlavə edib qarışdırın. Albalı şirəsinə bir az şəkər tozu (şirəsi azdırsa- su) əlavə edib vam odda qaynadın. Hazırladığınız albalı şirəsiylə fırça köməyi ilə biskvitin alt və yan hissəsini isladın. Kremi biskvitin içərisinə yayın. Üzərini əvvəlcədən kəsdiyiniz hissəsiylə örtün. Onu da albalı şirəsi ilə isladın. Ayırdığınız biskvit qırıntılarını tortun üzərinə səpin. Bir az albalı şirəsi də tökə bilərsiniz.Tortun üzərinə şəkər kirşanı səib bir neçə saatlıq və ya 1 gecəlik soyuducuya yerləşdirin.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir