Pəhrizdə Olanlar Üçün Dietik Napoleon Tortu

Yields: 1 Serving

Napoleon tortu zəhmətli və çox vaxt aparan bir tortdur. Eyni zamanda pəhrizdə olanlar, arıqlamaq istəyənlər üçün yüksəkkalorili və yağlı bir desertdir. Fiqurasına nəzarət edənlər üçün yağsız, şəkərsiz, ağızda əriyən dietik tortu hazırlamağı təklif edirik.  Evdar.az  dietik napoleon tortunun reseptini təqdim edir.

Tərkibi:

  • 600 ml süd
  • 100 qr kəpəkli un
  • 30 qr kokos yağı
  • 2 ədəd yumurta
  • 20 qr buğda unu
  • 30 qr kokos
  • yarım paket qabartma tozu
  • 1 ədəd vanil
  • zövqə görə steviya ( şəkər otu, şəkər əvəzləyici və ya dadverici)

Hazırlanma qaydası:

İlk öncə bir qabda 1 ədəd yumurtanı tel çırpıcıyla çırpın. Üzərinə 1 stəkan süd əlavə edib çırpmağa davam edin. Yarım paket qabartma tozu və vanili də əlavə edib qarışdırın. Kəpəkli unu da ələyib südlü-yumurtalı qarışığa töküb yaxşıca çırpın.  Xəmirə 10 qr kokos yağı da əlavə edib qarışdırın. Xəmirdən diametri 10 sm olan qızdırılmış tavaya qaşıqla töküb ikitərəfli bişirin. Tavaya yağ əlavə etməyə ehtiyac yoxdur. Bu qaydayla qalınlığı 0,5-0,7 sm olan 8-10 ədəd korjlar bişirin.

Kremi hazırlamaq üçün 1 xörək qaşığı unu folqaya töküb əvvəlcədən 200 dərəcə qızdırılmış sobaya 10-15 dəqiqəlik yerləşdirin. Balaca qabda 1 stəkan südü töküb üzərinə 2-3 çay qaşığı steviya əlavə edib qarışdırın və zəif ocaqda isidin. Başqa bir qabda 1 ədəd yumurtanı tel çırpıcıyla çırpın. Üzərinə sobadan çıxartdığınız unu da əlavə edib çırpmağa davam edin. Yumurtalı-unlu qarışığa isitdiyiniz südü də az-az əlavə edib qarışdırın. Üzərinə 10 qr kokos yağı da əlavə edib zəif ocaqda kremi qarışdıraraq qatılaşanadək bişirin. Korjlara krem yaxaraq üst-üstə düzün və kənarlarına da krem yaxıb üzərini kokosla bəzəyin. Dietik tortu bir saatlıq sərin yerdə saxlayıb süfrəyə verə bilərsiniz. Hazırladığınız bu tortun 100 qr-ı 150 kaloridir.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.