Pəhrizdə Olanlar üçün Unsuz Çörək

Pəhrizdə Olanlar üçün Unsuz Çörək
Yields: 1 Serving

Çörək dedikdə ağlımıza ilk gələn buğda unundan şişirdilib sobada və ya təndirdə bişmiş çörək olur. Səhər yeməyimizdə üzərinə bal, qaymaq yaxaraq ləzzətlə yeyirik. Glutensiz pəhrizə ehtiyac duyduğunuzda və ya pəhriz saxladığınız zaman çörəyi həyatınızdan tamamilə çıxarmaq problemi yaranır. Bu problemdən xilas olmaq üçün ketogenik pəhriz üçün çox uyğun olan Oopsie çörəyini hazırlamağı təklif edirik.

Tərkibində yalnız yumurta və pendir olan, kalori baxımından kifayət qədər məsum olan bu çörəyi heç bir vicdan əzabı çəkmədən yeyə bilərsiniz. Üstəlik dadı gözləntilərinizi üstələyəcək səviyyədədir… Hazırlanması çox asandır və tez bişir. Süfrənizi qurana qədər hazırlanan və qısa müddətdə bişirilən bu çörək həm də çətin günlərinizin xilaskarı olacaq. Evdar.az unsuz çörəyin reseptini təqdim edir.

Tərkibi:

  • 3 ədəd yumurta
  • 3 dolu xörək qaşığı krem pendir
  • ½ çay qaşığı duz
  • 1 çay qaşığı qabartma tozu

Hazırlanma qaydası:

İlk öncə yumurtanın ağını sarısından ayırın. Yumurtanın sarısı ilə ağları qarışdırmamağa diqqət edin. Ayırdığınız yumurta ağını bir qabda duz və qabartma tozuyla birlikdə mikserlə yaxşıca çırpın.  Qabı üzü aşağı çevirdikdə tökülməyən bir konsistensiyaya gəlməlidir. Yumurtanın sarısını ayırdığınız qaba krem ​​pendir əlavə edin və 2-3 dəqiqə çırpın. Krem pendir əvəzinə süzmə qatıqdan istifadə edə bilərsiniz. Çırpılmış yumurta sarısını yumurta ağına hissə-hissə əlavə edib  aşağıdan yuxarı yumşaq bir şəkildə qarışdırın. Yağlı kağızı soba sinisinə yerləşdirin. Xəmirdən qaşıq köməyi ilə yağlı kağızın üzərinə töküb əvvəlcədən 150 dərəcə qızdırılmış sobada 20 dəqiqə qızılı rəng alana qədər bişirin.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.