Qısa müddətdə yüngül, dadlı və xoş ətirli piroq hazırlaya bilərsiniz. Evdar.az qozlu və ballı piroqun reseptini təqdim edir.
Tərkibi:
- 200 qr un
- 50 qr kartof nişastası
- 3 ədəd yumurta
- 200 qr yağsız yunan qatığı
- 100 ml araxis yağı(pastası)
- 60 qr şəkər tozu
- 100 qr bal
- 50 qr qoz ləpəsi
- 1 paket qabartma tozu
- 1 paket vanil
- duz
Hazırlanma qaydası:
İlk öncə yumurtaları şəkər tozuyla mikserlə yaxşıca çırpın. Üzərinə qatıq, bal və araxis yağı əlavə edib çırpmağa davam edin. Un və nişastanı ələyib yumurtalı kütləyə əlavə edin. Vanil, qabartma tozu və çimdik duz əlavə edib yaxşıca qarışdırın. Qoz ləpəsini iri formada doğrayıb biskvit xəmirə əlavə edin. Diametri 24 sm olan dairəvi qəlibi yağlayıb un səpin. Hazır xəmiri qəlibə töküb yayın. Xəmirə qoz ləpələri düzüb əvvəlcədən 180 dərəcə qızdırılmış sobada təxminən 45 dəqiqə bişirin. Biskvitin üzəri tez bişirsə üzərinı folqa kağızıyla örtüb bişirməyə davam edin. Biskvitin bişməyini taxta çöplə yoxlaya bilərsiniz. Süfrəyə verdikdə üzərini yoqurt və balla bəzəyə bilərsiniz.
Qeyd:
İstəsəniz fındıq ləpəsini miqdarını artıra və ya digər çərəzlərlə əvəz edə bilərsiniz.
Yunan qatığını bərabər miqdarda süd ilə əvəz edə bilərsiniz.Nuş Olsun!