Qarabağ Mətbəxinin Qədim Yeməyi: Bağır-Beyin

Yields: 1 Serving

Bağır-beyin – zəngin Qarabağ mətbəxinin çox qədim yeməklərindən biridir. Bu yemək dadlı olduğu qədər də xeyirlidir. Bağır-beyin sağlam cavan heyvanın (adətən quzu və toğlu) başı, qara ciyəri və quyruğundan hazırlanır. Çox vaxt bu nadir yeməyi əziz qonaqlar üçün hazırlayırlar. Evdar.az bağır-beyin yeməyinin reseptini təqdim edir.

Tərkibi:

  • 200 qr quzu qara ciyəri
  • 100 qr quzu beyni
  • 100 qr quyruq
  • 50 qr keşniş
  • duz, istiot

Hazırlanma qaydası:

Quzunun qara ciyəri, quyruğu və başını ayrı-ayrılıqda qaynadın. Qaynadılmış başdan beyni çıxarın, quyruq və qara ciyərlə bir yerdə əzin və ya ət maşınından keçirin. Bir qabda ət maşından keçirilmiş ciyər, beyin və quyruğu qarışdırın. Üzərinə doğranmış göyərti duz və istiot töküb qarışdırın. Süfrəyə verdikdə üzərinə nar dənələri əlavə edə bilərsiniz. Bağır-beyin süfrəyə soyuq halda verilir.

Bağır-beyinin hazırlanma qaydası Xocavənddə və Laçında fərqlidir. Xocavənd rayonunda bağırbeyini hazırladıqda quzunun qara ciyəri, quyruğu, başı ayrı-ayrılıqda qaynadılır. Ancaq Laçın rayonunda isə tək quzu başı ayrı, quyruq və qara ciyər birlikdə qaynadılır. Laçın rayonunda birinci quyruqla, qara ciyər əzilir və sonra quzunun bişmiş beyni ilə qarışdırılır. Xocavənd rayonunda isə qaynadılmış başın beyni, quyruq və qara ciyərlə bir yerdə əzilir. Bağırbeyin Xocavənd rayonunda süfrəyə keşniş vurularaq və soyuq halda verilir. Laçın rayonunda isə bağırbeyin aşın qarası kimi də istifadə edilir.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir