Quba Mətbəxinin Ləziz Ət Qutabı

Quba Metbexinin Leziz Et Qutabı
Yields: 1 Serving

Zəngin təbiəti olduğu kimi özünə məxsus mətbəxi olan Qubanın bir-birindən ləziz təamları var. Bunlardan biri də dadlı ət qutabıdır. Evdar.az Quba mətbəxinin ləziz ət qutabının reseptini təqdim edir.

Quba Mətbəxinin Ləziz Ət Qutabının tərkibi:

Xəmiri üçün:

  • 1 kq un
  • yarım çay qaşığı maya
  • 3 stəkan süd
  • 2 ədəd yumurta
  • 1 stəkan su
  • 200 qr kərə yağı

İçlik üçün:

  • 1 kq mal əti
  • 2 xörək qaşığıı zirinc
  • duru yağ

Quba Mətbəxinin Ləziz Ət Qutabının hazırlanma qaydası:

Xəmiri hazırlamaq üçün ilk öncə yarım stəkan ilıq südün üzərinə yarım çay qaşığı maya əlavə edib 10 dəqiqə kənarda gözlədin. Dərin bir qaba ələnmiş unun üzərinə mayalı qarışığı, otaq temperaturunda yumşalmış kərə yağını və yumurtanı əlavə edib qarışdırın. İlıq südlə suyu qarışdırıb hissə-hissə unun üzərinə əlavə edib yumşaq, ələ yapışmayan xəmir yoğurun. Xəmirin üzərini örtüb mayalanması üçün 1-2 saatlıq isti yerdə gözlədin.

İçliyi hazırlamaq üçün əti kub formasında doğrayıb üzərinə su töküb bişirin. Bişdikcə üzərinə yığılan kəfi götürüb atın. Yarım bişən ətlərin sudan çıxarıb soyuması üçün kənara qoyun. Bir qabda zirincin üzərinə ilıq su töküb kənarda saxlayın. Soyuyan ət tikələrini və suyunu süzdüyünüz zirincləri ətçəkən maşından keçirin. Tavaya duru yağ, çəkilmiş ət, zirinc, duz və istiot əlavə edib yüngül qovurun.

Mayalanan xəmiri 14 ədəd kündələrə ayırın. Hər kündəni oxlovla nazik yayın. 3 ədəd kündəni yağlayıb üst-üstə düzün. Daha sonra rulet kimi istədiyiniz ölçüdə kəsin. Kəsdiyiniz kündələri şəkərbura xəmiri kimi yayıb içərisinə içlikdən 1-2 xörək qaşığı qoyun və kənarlarını şəkərbura kimi bükün. Bu qaydayla qalan kündələri də büküb hazırlayın. 14 ədəd kündəni 3 ədəd olaraq yağlayıb bükün və içliklə doldurub qutablar hazırlayın. Qutabları soba sinisinə aralıqlarla düzüb əvvəlcədən 200 dərəcə qızdırılmış sobada üzəri qızarana qədər bişirin. Bişən qutabları sinidən götürüb soyudun. Soyuyan qutabları qızdırılmış bol yağda ocaqda iki tərəfli qızardın. Qızardılmış qutabların üzərinə soyuduqdan sonra şəkər kirşanı səpin və sumaqla bəzəyin.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir