
11 ayın sultanı gəldi, xoş gəldi!
Müsəlmanlar üçün Ramazan ayı səbr, ibadət, oruc, dözümlülük və ən əsası da həmrəylik ayıdır. Ac insanların vəziyyətinin başa düşüldüyü və xatırlandığı bir aydır. Ailələrin bir yerdə süfrə arxasında oturub, birlikdə tutulan orucun açılmasını gözləyən, dostları, qohumları, əzizləri bir araya gətirən, yaxınlaşdıran aydır.
Evdar.az olaraq bu gözəl ayda hər gün iftar menyusu paylaşacağıq. 4 yeməkdən ibarət iftar menyusunda yüngül şorba, daha sonra əsas yemək və salat və ya tamamlayıcı yemək, desert və susuzluğu aradan qaldıran içki reseptlərini təqdim edəcəyik.
Mərcimək Şorbası

Mərcimək şorbası tərkibindəki zülal, lif, vitamin və minerallarla orqanizmi gücləndirir, eyni zamanda yüngül və asan həzm olunan bir quruluşa malikdir. Bu baxımdan ilk iftarınıza başlamaq üçün də idealdır.
Mərcimək Şorbasının tərkibi:
- 1 stəkan qırmızı mərcimək
- 1 ədəd yerkökü
- 2 ədəd soğan
- 1 xörək qaşığı zeytun yağı
- 1 çay qaşığı zərdaçal tozu (sarıkök)
- yarım çay qaşığı darçın tozu
- pul bibər, nanə qurusu, duz
Mərcimək Şorbasının hazırlanma qaydası:
İlk öncə soğan və yerkökünü doğrayın. Qazana doğranmış yerkökü, soğan və yuyulmuş mərciməyi tökün. Üzərinə üstünü örtəcək qədər su əlavə edin və aşağı istilikdə qaynadın. Qaynadılmış inqrediyentləri blenderin köməyi ilə əzin və ədviyyatları əlavə edin. Zəif ocaqda bir neçə dəqiqə daha bişdikdən sonra 2 xörək qaşığı zeytun yağı əlavə edib yenidən qarışdırın. Hazır şorbanı isti halda süfrəyə verin. Zövqə görə üzərinə limon sıxa bilərsiniz.
Şirəli Dana Yeməyi

Şirəli Dana yeməyinin tərkibi:
- 1 kq ət (boyun və ya bel hissəsi)
- 2 ədəd soğan
- 100 qr kərə yağı
- 2 xörək qaşığı zirinc və ya nar dənəsi
- zövqə görə alça, heyva, ağ şərab
- duz, istiot, sarıkök
Şirəli Dana yeməyinin hazırlanma qaydası:
İlk öncə əti doğrayıb qazana tökün. Üzərini keçəcək qədər su əlavə edib 1,5 saat vam odda qaynamağa qoyun. Bişən ətə duz əlavə edib qarışdırın və ocaqdan götürün. Daha sonra bişmiş ətin suyunu başqa qaba süzün. Tavaya kərə yağı əlavə edib yarım halqa doğranmış soğanları yağda yüngül qovurun. Üzərinə zövqə görə istiot və sarıkökü əlavə edib qarışdırın. Dərin bir qazana qovrulmuş soğanı və bişmiş ətləri töküb qarışdırın. Üzərinə süzülmüş ət suyunu da əlavə edib 20 dəqiqə qaynamağa qoyun. Hazır olan yeməyə zirinc və ya nar dənəsi əlavə edib ocağın altını söndürün. Mövsümə görə doğranmış heyva və ya alça əlavə edə bilərsiniz.
Heyvalı Toyuq Salatı

Heyvalı Toyuq Salatının tərkibi:
- 2 ədəd toyuq filesi
- 1 ədəd iri ölçülü heyva
- 2 ədəd iri ölçülü yerkökü
- 2 ədəd orta ölçülü kartof
- 2-3 ədəd turşu xiyar
- 1 banka (orta ölçülü) konservləşdirilmiş qarğıdalı dənəsi
- 1 dəstə şüyüd
- duz, istiot
- mayonez və xama
Dadlı və Doyurucu Heyvalı Toyuq Salatının hazırlanma qaydası:
İlk öncə toyuq filesini az duzlu suda bişirin. Bişən toyuq filesini sudan çıxarıb soyudun və didin. Yerkökü və kartofu da suda bişirib soyudun. Soyuyan tərəvəzləri kub formasında doğrayın. Heyvanı da çiy halda doğrayın. Şüyüdü xırda doğrayın. Dərin bir qabda didilmiş toyuq filesini, doğranmış kartof, yerkökü, heyva, turşu xiyar, şüyüd, suyu süzülmüş konservləşdirilmiş qarğıdalı dənəsi, duz, istiot, xama və mayonez əlavə edib qarışdırın. Hazır salatı süfrəyə verə bilərsiniz.
Çayın Yanına Dadlı Portağallı Peçenye

Portağallı Peçenyenin tərkibi:
Xəmiri üçün:
- 50 qr kərə yağı
- 80 qr şəkər tozu
- 1 ədəd yumurta
- 3 xörək qaşığı xama
- 3 xörək qaşığı bitki yağı
- çimdik duz
- 1 çay qaşığı qabartma tozu
- 300 qr un
İçlik üçün:
- 1 ədəd orta ölçülü portağal
- 130 qr şəkər tozu
- 15 qr qarğıdalı nişastası
Portağallı Peçenyenin hazırlanma qaydası:
Xəmiri hazırlamaq üçün bir qabda otaq temperaturunda yumşaldılmış kərə yağınının üzərinə şəkər tozu töküb mikserlə yaxşıca çırpın. Üzərinə yumurta, xama, bitki yağı və duz əlavə edib qarışdırmağa davam edin. Un və qabartma tozunu ələyib hissə-hissə əlavə edib xəmir yoğurun. Yoğurduğunuz xəmiri streç salafana büküb 30-40 dəqiqəlik soyuducuya yerləşdirin.
İçliyi hazırlamaq üçün portağal dilimlərini qabığı ilə, lakin tumsuz, şəkər tozu və nişasta ilə birlikdə mətbəx robotunda püre halına gətirin.
Xəmiri 2 hissəyə bölün. Hər birini 3-4 mm qalınlığında düzbucaqlı formada yayın. Portağallı içliyi xəmirin üzərinə yayın və rulet kimi bükün. Ruleti 3-4 sm enində dilimlər kəsin. Bu qaydayla qalan xəmirə də içlik yayıb bükün və dilimləyin. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 15-20 dəqiqə qızılı rəng alana qədər bişirin. Hazır peçenyeləri çay və ya qəhvəylə süfrəyə verə bilərsiniz.
Ramazan Şərbəti

Şərbət susuzluğunuzu yatıracaq, qan şəkərinizi tənzimləyəcək və həzmi yaxşılaşdıracaq Ramazan ayına xas içki reseptidir.
Ramazan Şərbətinin tərkibi:
- 6 stəkan su
- 3/4 stəkan şəkər tozu
- 1 stəkan albalı (təzə və ya dondurulmuş)
- 10 ədəd ərik qurusu
- 1 stəkan üzüm qurusu
- 5 qr təzə zəncəfil
- 1 ədəd darçın çubuğu
- 6 ədəd mixək dənəsi
Ramazan Şərbətinin hazırlanma qaydası:
Dərin bir qazana 6 stəkan su doldurub ocağa qoyun. Təzə zəncəfilin qabığını soyub dilimləyin və qazana əlavə edin. Üzərinə mixək dənələri və darçın çubuğunu əlavə edib qaynamağa qoyun. Qaynamağa başlayan suya şəkər tozunu əlavə edib qarışdırın. Üzüm qurusunu (saplaqlarını təmizlədiyiniz) və qaysı qurusunu da qazana əlavə edib 5 dəqiqə qaynadın. Albalıları da şərbətə əlavə edib 2-3 dəqiqə qaynadıb ocaqdan götürün. Ocaqdan götürdüyünüz şərbəti otaq temperaturunda soyuması üçün kənara qoyun. İlınan şərbəti süzgəc köməyi ilə süzün. Susuzluğunuzu yatırtmaq üçün bu şərbəti hazırlayıb iftarda içərək Ramazan ayını rahat keçirə bilərsiniz.
Ramazan ayında susuzluğun qarşısını almaq üçün nə etmək olar? Ramazanda susamamaq üçün bəzi tövsiyyələri bu məqalədən oxuyun.
Ramazanın birinci günü üçün Azərbaycanda oruc vaxtları:
İmsaq (orucun başlanğıcı): 05:49
İftar (orucun açılması): 18:47
Günün duası
Ramazanın ilk günündə müsəlmanlar aşağıdakı duanı oxuya bilərlər:
“Allahummə aqsilni fihi minəz-zunubi və təəxxirni fihi minəl-uyubi və carribni fihi lit-təqva və suhbatil-əxrar bi-əfvika, ya Əziz!”
Tərcümə: “Ey Allah! Bu gün məni günahlardan təmizlə, eyiblərdən uzaqlaşdır və məni təqvaya və salehlərin yoldaşlığına yaxınlaşdır, Sənin mərhəmətinlə, ey Qüdrət Sahibi!”
Ramazan – ruhani təmizlənmə, dua, xeyriyyəçilik və özünü tərbiyə etmə ayıdır. Qoy bu ay bütün iman gətirənlərə sülh, bərəkət və xeyirli əməllər gətirsin.
Azərbaycan və dünyada oruc tutan hər kəsə mübarək Ramazan ayı arzulayırıq!