
Ramazanın bərəkəti ilə süfrələr açılmağa davam edir. Oruc tutanlar Ramazan ayının üçüncü günündə iftar süfrəsi üçün ən dadlı reseptlər axtarırlar. “Bu gün nə bişirim?” sualına cavab axtaranlar üçün yüngül seçimlərdən ibarət xüsusi iftar menyusu hazırlamışıq. Evdar.az iftara doyurucu yeməklər hazırlamaq istəyənlər üçün ləzzətli və fərqli reseptləri təqdim edir.
Ramazanın İftar Menyusu
Balıq Şorbası
Balıq Şorbasının tərkibi:
- 1 ədəd ləvrək balığı
- 1/4 stəkan un
- yarım limon
- yarım çay qaşığı duz
- 1 ədəd soğan
- 1 ədəd yerkökü
- 1 ədəd kartof
- 2 diş sarımsaq
- yarım çay qaşığı dənə istiot
- 1,5 litr su
- 1 ədəd dəfnə yarpağı
Balıq Şorbasının hazırlanma qaydası:
Bir qazanda suyu qaynadın. Qazana təmizlənmiş və yuyulmuş balıq, dəfnə yarpağı, dənə istiot və soğanı əlavə edib 20 dəqiqə qaynadın. Qaynadılmış soğanı və balığı kəfgirlə qazandan götürün və balığın suyunu başqa bir qaba süzün. Qaynadılmış balığın sümüklərin, dərisini təmizləyin və ətini didin. Balıq bulyonunu qazana süzüb yenidən qaynadın. Kiçik doğranmış yerkökü və kartofu da qazana əlavə edib 20 dəqiqə qaynadın. Şorbadan bir stəkan su götürüb unla qarışdırın və yavaş-yavaş yenidən qazana əlavə edin. Daha sonra şorbaya duz, istiot və yarım limon suyunu əlavə edib 5 dəqiqə daha qaynadın. Hazır şorbanı isti halda süfrəyə verin.
Sobada Yaşıl Bibər Dolması
Sobada Yaşıl Bibər Dolmasının tərkibi:
- 10-12 ədəd orta ölçülü dolmalıq yaşıl bibər
- 1 ədəd böyük ölçülü soğan
- 200 qram çəkilmiş mal əti
- 1 stəkan yumru düyü
- 1 stəkan bulgur
- 1 ədəd rəndələnmiş pomidor
- bir az doğranmış cəfəri
- yarım çay stəkanı duru yağ
- 1 xörək qaşığı tomat pastası
- duz, istiot
- 2 xörək qaşığı nanə qurusu
Sousu üçün:
- 1 xörək qaşığı tomat pastası
- duz, duru yağ və su
Sobada Yaşıl Bibər Dolmasının hazırlanma qaydası:
Bolqar bibərlərinin içini yaxşıca yuyub təmizləyin və diş çubuğu ilə deşiklər açın (içlik sobada yaxşı bişsin deyə). Dolmanın içliyini hazırlamaq üçün bir qaba rəndələnmiş və ya doğranmış soğan, qiymə, yaxşıca yuyulmuş düyü və bulqur, sürtgəcdən keçirilmiş pomidor, xırda doğranmış cəfəri, bitki yağı, ədviyyat və tomat pastası əlavə edib əlinizlə yaxşıca qarışdırın. Təmizlənmiş bibərləri içliklə çox sıxmadan doldurub qapaq yerinə kiçik dilimlənmiş pomidor qoyun. Dolmaları uyğun bir soba qabına düzün. Başqa bir qaba 1 xörək qaşığı tomat pastası, bir az duz, yağ və su töküb yaxşıca qarışdırın. Hazırladığınız sousu dolmaların üzərinə tökün. Yağlı kağızı nəmləndirib dolmaların üzərini örtün. Əvvəlcədən 200 dərəcə qızdırılmış sobada yumşalana qədər bişirin. Daha sonra kağızı götürüb üstü qızılı rəng alana qədər bişirib sobadan götürün.
Ramazanın İftar Menyusu
Doyurucu Salat
Doyurucu Salatın tərkibi:
- 420 qr konservləşdirilmiş şampinyon göbələyi
- 3 ədəd təzə xiyar
- 250-400 qr toyuq filesi
- 250-300 qr konservləşdirilmiş qarğıdalı dənəsi
- mayonez
Doyurucu Salatın hazırlanma qaydası:
İlk öncə toyuq filesini duzlu suda bişirib soyudun. Salat hazırladıqda vaxtınızı azaltmaq üçün hazır doğranmış göbələkləri almaq daha asandır. Və ya bütöv halda konservləşdirilmiş göbələkləri almısınzsa zövqə görə doğraya bilərsiniz. Təzə xiyarı samanvari və ya kub formasında doğrayın. Bişib soyuyan toyuq filesini də kub formasında doğrayın və ya didin. Bir qabda doğranmış göbələk, suyu süzülmüş konservləşdirilmiş qarğıdalı dənəsi, təxə xiyar, toyuq filesi və mayonez töküb qarışdırın. Göbələk, qaynadılmış toyuq və mayonezdə kifayət qədər duz varsa, salata duz əlavə etməyin. Hazır salatı süfrəyə verin.
Reyhan Şərbəti
Reyhan Şərbətinin tərkibi:
- 1 dəstə reyhan
- 8 stəkan qaynar su
- 1 stəkan şəkər tozu
- 1 çay qaşığı limon duzu
- 1 xörək qaşığı hibiskus (Məkkə gülü)
- 1 ədəd darçın çubuğu
- 3-4 ədəd mixək
Reyhan Şərbətinin hazırlanma qaydası:
Reyhanı yaxşıca yuyub əlinizlə bir neçə yerə bölün. Qrafin su qabına reyhanı, hibiskus,darçın çubuğu, mixək dənələri və şəkər tozunu tökün. Üzərinə qaynar suyu töküb qarışdırın. Şəkər tozu əridikdən sonra üzərinə limon duzunu əlavə edib soyuması üçün kənara qoyun. Limon duzu tökdükdən sonra rəngi qızaracaq. Kənarda soyuduqdan sonra süzüb soyuducuya yerləşdirin. Hazır reyhan şərbətini soyuq halda və ya içərisinə buz parçaları töküb süfrəyə verə bilərsiniz.
Bişməyən Dadlı Tort
Bişməyən Dadlı tortun tərkibi:
- 500 qr şokoladlı pryanik
- 600 qr xama
- 3 ədəd banan
- 75 qr şəkər tozu
Bişməyən Dadlı Tortun Hazırlanma qaydası:
Bir qabda xama və şəkər tozunu mikserlə və ya tel çırpıcıyla yaxşıca qarışdırın. Dərin bir qaba və keks qəlibinə streç salafan sərin. Pryanikləri iki hissəyə ayırın. Doğradığınız pryaniklərinin bir hissəsini streç salafan sərilmiş qaba yerləşdirin. Üzərinə xamalı krem tökün. Bananın qabığını soyub halqa formasında dilimləyin. Doğranmış banan dilimlərini bir qat kremin üzərindən düzün. Daha sonra pryaniklər və xamalı krem yaxın. Bu qaydayla məhsullar bitənə qədər üst-üstə düzün. Üzərini streç salafanla örtüb yüngülcə basın. Tortu 6 saatlıq soyuducuya yerləşdirin. Hazır tortu saatın tamamında soyuducudan götürün. Ehtiyyatla qəlibdən çıxarıb boşqaba yerləşdirin. Streç salafanı da çıxarıb tortun üzərini əzilmiş peçenye və ya əridilmiş şokoladla bəzəyin. Bananlı pryanikli mükəmməl tort hazırdır!
Ramazanın üçüncü günü – 3 mart 2025-ci il üçün Azərbaycanda oruc vaxtları:
İmsaq (orucun başlanğıcı): 05:46
İftar (orucun açılması): 18:49
Günün duası
اللهم ارزقني فيه الذهنَ والتنبيه، وباعِدني فيه من السفاهةِ والتَّمويه، واجعل لي نصيبًا من كل خير تُنزِله، بجودك يا أجود الأجودين Tərcümə:
“Allahım! Bu gündə mənə anlayış və ayıqlıq bəxş et, məni səfehlikdən və aldadılmaqdan uzaq et, Sənin lütfünlə nazil etdiyin hər bir xeyirdən mənə də pay ayır, ey kərimlərin ən kərimi!”
Ramazanda tox tutan reseptlər Ən Dadlı Kulinariya Saytında!
Allah Tutduğunuz Orucu Qəbul Etsin!