Lazanya İtaliyada pizzadan sonra ikinci ən məşhur yeməkdir. Bu xörək növbə ilə xəmir və şirəli içlik qoyulan təbəqələrlə hazırlanır. Evdar.az göbələkli və toyuqlu lazanya reseptini təqdim edir.
Tərkibi:
- 500 qr toyuq filesi
- 300 qr şampinyon göbələyi
- 400 qr pomidor
- yarım dəstə cəfəri
- 2 xörək qaşığı bitki yağı
- 20 vərəq lazanya xəmiri
- 200 qr bərk pendir
- 2 çimdik duz
- istiot
Beşamel sousu üçün:
- 40 qr kərə yağı
- 3 xörək qaşığı un
- 800 ml süd
- 1 çay qaşığı rəndələnmiş muskat qozu
Hazırlanma qaydası:
Toyuq filesini və göbələyi yuyub suyunu süzün, xırda doğrayın. Soğanı kiçik kub formasında doğrayın. Pomidoru sürtgəcin iri gözündən keçirin. Cəfərini xırda doğrayın. Bir qabda pomidor və cəfərini qarışdırıb kənara qoyun. Böyük ölçülü tavada bitki yağını qızdırın. Doğradığınız soğanı yağda qovurun. Üzərinə doğranmış toyuq filesi və göbələyi əlavə edin. Duz və istiot da əlavə edib qarışdırın. Zəif ocaqda 15-20 dəqiqə bişirin.
Beşamel sousu hazırlamaq üçün qazançada kərə yağını əridin. Üzərinə unu da əlavə edib dayanmadan tel çırpıcıyla qarışdırın (ocaqdan götürmədən!). Üzərinə isti südü əlavə edib qarışdırmağa davam edin. Dayanmadan qarışdırın, qaynamağa başladıqda ocaqdan götürün. Sousa rəndələnmiş muskat qozu əlavə edib qarışdırın və ocaqdan götürün. Soba qəlibini kərə yağıyla yağlayın. Lazanya yarpaqlarını qəlibə bir qat sərin. Üzərinə bir az içlik yayıb, beşamel sousu tökün. Yenidən lazanya yarpaqları və içliklə sousu da töküb. Üçüncü qat lazanyanı da sərib sous tökün. Hazırlayıb kənara qoyduğunuz göyərtili pomidoru hər tərəfinə yayın. Sürtgəcdən keçirilmiş pendir də səpib əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 25-30 dəqiqə bişirin.
Nuş Olsun!