Sezar Pizzası-Pizzanın Salatla Mükəmməl Birləşməsi

Yields: 1 Serving

Hər kəsin sevimli salatını pizza ilə birləşdirsəniz yeni  bir hit olacaq! Pendirin, yüngül toyuq ətinin, tərəvəzin və kahının mükəmməl birləşməsi bu pizzanı doyurucu və eyni zamanda yüngül edir . Bu pizza fiqurasına nəzarət edənlər üçün tam uyğundur. Evdar.az Sezar pizzasının reseptini təqdim edir.

Sezar Pizzasının tərkibi:

  • 1 kq un
  • 1 xörək qaşığı duz
  • 1 litr su
  • 10-15 qr maya
  • 100 qr zeytun yağı

Üzəri üçün:

  • 400-500 qr toyuq filesi
  • zeytun yağı
  • kəklikotu
  • duz, istiot
  • pendir

Sousu üçün:

  • 2 diş sarımsaq
  • kəklikotu
  • soyulmuş pomidor
  • duz, istiot

Sezar Pizzasının hazırlanma qaydası:

Xəmiri hazırlamaq üçün bir qabda unun üzərinə duz, maya və zeytun yağı töküb xəmir yoğurun. Xəmiri 30 dəqiqə isti yerdə saxlayın. Daha sonra 30 dəqiqəlik soyuducuya yerləşdirin. Xəmirdən 250 qr -lıq kündələr hazırlayın. 1 kq undan 6 ədəd pizza xəmiri çıxacaq.

Toyuq filesini nazik lay formasında dilimləyin. Bir qabda toyuq filesinin üzərinə kəklikotu, duz, istiot və zeytun yağı əlavə edib yaxşıca qarışdırın. Yarım saatlıq soyuducuda saxlayın.

Sousunu hazırlamaq üçün blenderin qabına hazır soyulmuş pomidor, kəklikotu, duz, istiot və soyulmuş sarımsağı da əlavə edib yaxşıca qarışdırın.

Kündənin birini unlanmış dəzgahın üzərində pizza xəmiri kimi dairəvi yayın. Xəmiri yağlı kağız sərilmiş soba sinisinə yerləşdirin. Daha sonra xəmirin üzərinə sousdan yaxın. Üzərinə sürtgəcdən keçirilmiş holland pendirini səpin. Marinad olunmuş toyuq filesini də qatlarla pendirin üzərindən düzün. Yenidən üzərinə pendir səpin. Əvvəlcədən 200 dərəcə qızdırılmış sobada 13 dəqiqə bişirin. Bişdikdən sonra dilimləyib üzərinə kahı yarpaqları və sezar sousu əlavə edib süfrəyə verin. Bu qaydayla qalan kündələri də hazırlayıb bişirin. Zövqə görə üzərinə çerri pomidorları düzə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.